“Xəzər Lənkəran”ın sabiq məşqçisi Elbrus Məmmədovun apasport.az saytına müsahibəsi:
-Premyer Liqada cari mövsüm rəqabətin artdığı hiss olunur. Sizcə, builki çempionat əvvəlkiləri nədə üstələyir, nədə geri qalır?
-Bəli, rəqabətin artması hiss olunur. Səbəb komandaların sayının artmasıdır. Əvvələ baxanda üstün cəhət kimi bunu qeyd etmək olar. Mənfi tərəfi isə əvvəlki zamanlardan fərqli olaraq limitin götürülməsidir. Əvvəl çempionatda limit vardı və məcburi yerli cavan futbolçuları oynadırdılar. Fikrimcə, o limiti yox edəndən sonra, həmin yeri yerli futbolçuya versəydilər daha yaxşı olardı.
-Çempionatın əksər qollarına legionerlər imza atır və bombardirlər siyahısında da ön sıralarda əcnəbilərdir. Sizcə, yerli oyunçularımızın parlamasına nə mane olur?
-Səbəbi budur ki, klublarımızda 90 faiz hücum zonasında oynayan futbolçuların əksəriyyəti legionerlərdir. Musanın, Ramil Şeydayevin getməsi ən əsas səbəblərdən biridir. Yəni, o mövqelərdə bizim yerli oyunçularımız az oynayır.
-Komanda sayı artıb, bəs bir vaxtlar iddialılardan olan “Xəzər-Lənkəran”, “Bakı” kimi komandaların yoxluğu hiss olunur?
-Təbii ki, “Xəzər Lənkəran” “Bakı” böyük bir ajiotaj, rəqabət demək idi. Sonuncu tura qədər çempionun kim olacağı bilinmirdi. Əksər illərdə bu belə olurdu. Əlbəttə ki, bu klublar Azərbaycan futbolunun böyük bir yaraşığı idi. İndi onları əvəz edən klublar olsa, inanıram ki, həmin ajiotaj qayıdar. Həm də əsas çempionatda klub sayını 12 və ya 14 etsək, millimizə də böyük bir xeyri olar.
- Həm də elə bil cənubda futbola sevgi tamam başqa idi...
- Əlbəttə. “Xəzər Lənkəran”ın itməsi ilə böyük bir kütlə itdi. İndi azarkeşlər stadionları doldurmur. Çox istərdim şimal zonasında da böyük bir komanda yaradılsın. Çünki, orda da futbol fanatları çox olur, stadion daim azarkeşlərlə dolu olur.
-Söz söhbətlər gəzir ki, yenidən “Xəzər Lənkəran” adlı komanda yaradıla bilər. Bu halda, sizə baş məşqçi təklifi gəlsə yenidən bu məsuliyyəti üzərinizə götürüb, o tip bir komanda qurmaq istərdiniz?
- Cənubda mənim 13 il ömrüm gedib. Onun 8 ilini futbolçu olmuşam, 5 ilini məşqçi işləmişəm. İstərdim, təkcə “Xəzər Lənkəran” yox, cənub bölgəsində kimsə klub yaratsın, əsasən Lənkəran yaxud Masallı qayıtsın. Əgər belə bir şey olsa, böyük məmnuniyyətlə bütün bacarığımı, biliyimi onlar üçün sərf etməyə hazıram.
-Bu yay “İrəvan”dan gedişiniz, ardınca klubda baş verənlər – futbolçuların oyuna çıxmaması səs-küy yaratdı. Qalsaydınız başqa cür ola bilərdimi?
-“İrəvan”la bağlı çox danışmaq istəmirəm. Orada idarəetmədə oturan insanların dedikləri ilə əməlləri üst-üstə gəlmir. Bu barədə onlara nəsə demək çətindir. Mənim gedişimin birinci səbəbi bu oldu. Söz verdilər, amma gördüm ki, hamısı sözün əsl mənasında boş sözlərdir. İdarəetmədə nəsə dəyişiklik olsa, bəlkə də o klub həqiqətən uzun illər yaşayar.
-“İrəvan”ın l Liqada sonadək mübarizə aparması mümkün olacaq?
-Mənim yığdığım komanda mən də orda olsaydım mübarizə də aparacaqdı, özü də birinci yer uğrunda yarışacaqdı. Sübut olaraq ilk 4 turu götürsək, mənim dövrümdə seleksiya olunan futbolçularla maksimum nəticə göstərmişdilər. Bundan sonrasına ancaq idarəetmədə oturanlar, birdə baş məşqçi cavabdehdir. Sözün əsl mənasında heç nə danışmaq istəmirəm.
-Sizin futbol oynadığınız zamanlarla indiki arasında müsbət və mənfi yöndə dəyişən nələr var?
-Müsbət tərəf odur ki, maliyyə çox dəyişib. Bizim zamanımızda çox klubda maliyyə ciddi problem idi. Adlı-sanlı klublarda belə 250 dollardan yuxarı maaş yox idi. Bir də müsbət cəhəti, indiki vaxtda yerli məşqçilərimizin çox savadlı olmasıdır. Əvvəllər barmaqla yerli məşqçi saymaq olardı, hansı ki, həqiqətən savadlı idilər. İndi isə demək olar, bütün yerli məşqçilərimiz komandalarına ağıllı futbol oynadır. Mənfi tərəf kimi isə futbola yanaşmanı deyə bilərəm. Bizim zamanımızda maliyyə az olsa da, bizdə futbola sevgi daha çox idi. Mənə elə gəlir indiki futbolçular belə deyil. Biz sırf pula görə oynamırdıq. Biz oynadığımız klubun adına görə oynayırdıq. Yəni, klub dəyişmə bizdə təsadüfən olardı. İndiki vaxtda 5 manat artıq pula görə futbolçu klubunu dəyişməyə hazırdır. Bizdə isə belə şeylər çox təsadüf hallarda olardı.