Eldəniz Əzizli: “4-cü dəfə dünya çempionu olmağa çalışacağam”
22.09.2023 - 23:34
Eldəniz Əzizli: “4-cü dəfə dünya çempionu olmağa çalışacağam”

“Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm. Biz burada qalib gəldik, onlar isə orada”.

Apasport.az-ın məlumatına görə, bunu yunan-Roma üzrə dünya çempionu Eldəniz Əzizli deyib.

55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn güləşçi zədəli olmasına baxmayaraq, hədəfinə çatdığını vurğulayıb. Əzizli üç qat dünya çempionu olmanın sevincini yaşadığını bildirib: “Bütün Azərbaycan idman ictimaiyyəti bilirdi ki, mən 3-cü dəfə dünya çempionu olmağı necə istəyirdim. Allaha həmd olsun. Müstəqillik tarixində yunan-Roma güləşində 3 qat dünya çempionumuz yox idi. Məhəddin Allahverdiyev 80-ci illərdə SSRİ adından 3 dəfə dünya çempionu olmuşdu. Bu il çox işlədik, əziyyət çəkdik. Müəyyən zədələrim var idi. Buna baxmayaraq, 3-cü dəfə dünya çempionu ola bildim. Əlbəttə, sinəmdəki zədə mənə çətinlik yaradırdı. Sümüyüm sınmışdı. Tam bərpa olunmasam da, yenə də bacardıq. Rəbbim bu qələbəni mənə nəsib etdi. İnşallah, 4-cü dəfə dünya çempionu olmağa çalışacağam”.

Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə dünya çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0