“Bakıdakından daha yaxşı oynamaq və qələbə qazanmaq istəyirik”.
Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın “Rapid” klubunun futbolçusu Maksimilian Hofmann Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu barədə danışarkən deyib.
29 yaşlı mərkəz müdafiəçisi öz meydanlarında tam fərqli oyun sərgiləyəcəklərini söyləyib: “Hamımızın hədəfi qalibiyyətdir. Evdə çıxış edirik, bilirik ki, Azərbaycandakından tamam fərqli oyun olacaq. Öz stadionumuzda nəyə qadir olduğumuzu son illər tez-tez göstəririk. Xüsusilə də, azarkeşlərimizin dəstəyi ilə. İndi bunu yenidən göstərmək və mümkün qədər tez vəziyyəti lehimizə çevirmək üçün fərqli üzümüzü ortaya qoymalıyıq. Konsentrasiya edilmiş yaxşı performans lazımdır. Bunun üçün çalışacağıq”.
Hofmann artıq “Neftçi”ni yaxşı tanıdıqlarını, Bakıdakı səhvlərini bildiklərini əlavə edib: “Rəqibi artıq yaxşı tanıyırıq. Bakıda buraxdığımız səhvlərin üzərində çalışdıq, bu dəfə daha yaxşısını edəcəyik. Bunu bacarsaq, əminəm ki, uğurlu oyun nümayiş etdirib növbəti mərhələyə yüksələcəyik. “Neftçi” üçün bu, həyatının oyunu kimidir. Ancaq bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. “Neftçi”nin ilk oyundakı heyəti olacaq. Ona görə də rəqibi yaxşı təhlil etmək, Bakıda buraxdığımız səhvləri təkrarlamamaq vacibdir. Ən əsası, ilk dəqiqədən oyunumuzu onlara diktə etməliyik. Əgər 90 dəqiqə və daha çox müddətdə öz oyunumuzu göstərsək və bacarığımızı ortaya qoysaq, mərhələ adlayacağımıza əminəm”.
Qeyd edək ki, bu gün “Veststadion”da keçiriləcək “Rapid” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.