“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev apasport.az saytına müsahibə verib:
- Artıq çempionata fasilə verildi. Bu fasilə sonuncu pillədə olduğunuza görə təzyiqdən az da olsa uzaqlaşmağınıza, sakitləşməyinizə kömək olacaq?
- Bəli, iki dövrəni başa vurduq. Nəticə istədiyimiz kimi olmasa da, komanda şəklində bu durumdan çıxacağımıza inanıram. Stress və tənqidlərin olmasını isə normal qəbul edirik. Biz də çalışırıq, dayanmırıq. Ümid edirik ki, hər şey yaxşı olacaq.
- Sizcə, ötən mövsüm kubokun sahibi olmuş komanda niyə bu mövsüm qışı sonuncu pillədə başa vurdu?
- Bunun obyektiv və subyektiv səbəbləri var. Konfrans Liqasında "Omoniya"ya qarşı cavab oyununu yaxşı oynaya bilmədik. Ondan sonra da inamsızlıq yarandı və bu da komandanın çıxışına təsir etdi. Lakin dediyim kimi, biz çalışırıq ki, durumu düzəldək, hər şey yaxşı olsun.
- Ümumiyyətlə, yeni legionerlər gələndə, yayda heç ağlınıza gələrdi ki, komanda uğursuzluq zolağına düşəcək?
- Futbolda komandanın yenilənməsi normal prossesdir. Əlbəttə ki, belə olacağını heç təsəvvür etmirdik. Hər şeyin daha yaxşı olacağını düşünürdük. Uğur varsa, uğursuz dönəm də olur. Keçən ilki komanda 2-3 ilə formalaşmış kollektiv idi. Ona görə də verilən tapşırıqları daha tez icra edirdilər. Builki heyət də bəzi oyunlarda məzmunlu oyunlarla yadda qaldı.
- Tez-tez fikirlər səsləndirilir ki, bu yay gələn legionerlər ötən mövsümkülər qədər güclü deyil. Siz bu məsələ haqda nə deyəcəksiz?
- Bəzi oyunçuların adaptasiyası tez, bəzilərinki isə daha gec keçdi. Həm də çox sayda zədəli futbolçularımız oldu. Belə olanda da, komanda oyun ritmindən uzaq düşür. Normal hallardır. Hər bir komandada çətin dönəmlər olur. Çempionatın ikinci hissəsi qarşıdadır.
- Maraqlıdır, heç yayda komandanı tərk edən legionerlərdən kimdənsə incikliyiniz qalıb? Hansı ki, fədakarlıq edib komandada qala bilərdi, amma ayrıldı. Yoxsa, düşünürsüz ki, gedənlərin əksəriyyəti “Qəbələ”də aldığından daha yaxşı maaş təklifi aldı deyə getdi?
- Xeyr, indiyə kimi heç bir futbolçuya qarşı incikliyim olmayıb. Komandamızda oynayanlar da “Qəbələ” üçün ən yaxşısını edirlər. Onlara buna görə təşəkkür edirəm. Futbolda dəyişikliklər normal hallardır.
- “Sabah”la son oyundan əvvəl klubun prezidenti Fariz Nəcəfov məşqdə futbolçularla, kollektivlə görüşdü və ertəsi gün komanda qalib gəldi. Belə çıxır, gərək hər dəfə görüş olsun ki, komanda qalib gəlsin?
- Fariz müəllim təkcə "Sabah"la oyunda deyil, hər oyundan sonra komanda ilə görüşüb, öz dəstəyini göstərib. "Sabah"la oyunda komanda istəkli və əzmkarlıq hesabına qələbə qazandı. Bu da bizi çox sevindirdi.
- “Qəbələ” də əksər klublarımız kimi hazırlıq üçün ölkə xaricinə yollanmayacaq, vətəndə qalacaq. Səbəb maliyyə məsələsidir?
- Bəli, xaricə təlim-məşq toplanışına getməyəcəyik. Vətəndə qalmaq qərarı yeni oyunçu ilə güclənmək üçün verildi. Qəbələdə də toplanışı keçmək üçün hər şərait var. İki yoxlama görüşü keçirəcəyik. Belədə, çempionat matçlarına hazırlaşacağıq. Məncə, normal alınacaq.
- Bu mövsüm hakim idarəçiliyindən şikayətlənənlər çoxdur. Siz də onlardan birisiz. Sizdə hətta demək olar ki, məşqçilər korpusunda hər kəs qırmızı vərəqə ilə cəzalandırılıb. Bu mövsümkü hakimliyin səviyyəsini necə dəyərləndirirsiz?
- Hakim səhvlərinin olması normaldır. Onlar da ən yaxşısını etməyə çalışırlar. Səviyyə baxımından hiss olunur ki, ildən-ilə daha da inkişaf edirlər. Baxmayaraq, ən çox cəzalanan klub demək olar ki, bizik, yenə də hakimliklə bağlı danışmağa ehtiyac yoxdur.
- Yeri gəlmişkən, adınız Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlər siyahısında göstərilirdi. Təbii ki, bu media və azarkeşlərin fikri idi. Heç sizə AFFA-dan dəvət, təklif oldu?
- Çox şey danışıla bilər. Amma seçim edən qurum var. Bizim işimiz daha çox indiki durumda komandanı daha yaxşı hazırlaşdırıb, uğurlu nəticələrə köklənməkdir.
Elmar Baxşıyev: “Belə olacağını heç təsəvvür etmirdik” - Müsahibə
28.12.2023 - 13:10
0
0