Elmar Baxşıyev: “Bu olmasa nəticədən danışmaq yersizdir” - MÜSAHİBƏ
22.12.2022 - 15:00
Elmar Baxşıyev: “Bu olmasa nəticədən danışmaq yersizdir” - MÜSAHİBƏ

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan kubokunda "Qarabağ" səddini keçə bildiniz. Mərhələni qalib gələrək keçəcəyinizi düşünürdün, yoxsa ən yaxşı halda penaltilərlə bunu bacaracağınızı ehtimal edirdin?
- Püşkatmadan sonra 1/8 final mərhələsini adlayacağımız halda, ardıcıl üç oyunu "Qarabağ"a qarşı keçirəcəyimiz məlum idi. Bu da bizə əlavə stimul, motivasiya verirdi. "Qarabağ" Avropa səviyyəli komandadır və onlarla ardıcıl üç matçda qarşılaşmaq, komandam üçün maraqlı və məsuliyyətli sınaq idi. Futbolçularım bu məsuliyyəti yaxşı dərk edirdilər, hazırlıqlarımız da bu ciddiyyət çərçivəsində gerçəkləşdi. Mübarizə şəraitində 3 görüş keçirdik. Nəticələr də bunu sübut edir. Öncədən hansısa nəticəni qazanacağımızı fikirləşdiyimi deməzdim. Futbolçularıma inanıram, güvənirəm. Onlar da bacarıqlarını ortaya qoymaqla, əzm göstərməklə, tapşırıqları dəqiq yerinə yetirməklə "Qəbələ"ni yarımfinala daşıdılar.

- "Qarabağ"ın oyun tempi həmişə yüksək olur. Maraqlıdır, ardıcıl üç görüşdə yaxşı futbol nümayiş etdirdiniz. Bunu necə bacardınız və fiziki güc bölgüsünü necə apardız ki, rəqibə fiziki cəhətdən uduzmadız?
- Bəzən futbolçularımın fiziki cəhətdən geri qaldığı ilə bağlı suallarla qarşılaşıram. Bu oyunlar göstərdi ki, komandam fiziki cəhətdən yaxşı səviyyədədir. Komandamı düzgün motivasiya etməklə, düzgün rotasiyalarla ehtiyat qüvvəmizin məhdud olmasına baxmayaraq, güclü rəqiblə başabaş mübarizə aparmağı bacardıq.

- "Qarabağ" son çempion və ölkənin ən iddialı klubudur. Onları kubokdan kənarlaşdırmağınız bu yarışda məsuliyyətinizi daha da artırmır ki? 
- Üzərimizdə hər zaman məsuliyyət var. Bu olmasa nəticədən danışmaq yersizdir. Bu günə kimi hansısa uğur və ya uğurlar qazanmışıqsa, bunda işimizə ciddi yanaşmağımız başlıca rol oynayıb. İrəliyə baxırıq, hər oyuna nəticə üçün çıxırıq. Komandadan gözləntilər, bizi sevən və izləyənlər varsa, bütün hallarda təzyiq olacaq. 

- Yarımfinaldakı rəqibiniz "Sabah"ı keçən "Səbail"dir. Onların mərhələ adlaması sizin üçün gözlənilməz olmadı?
- Futbolda bütün ehtimalların gerçəyə çevrilməsi realdır, mümkündür. Hər zaman favorit göstərilənlər qalib gəlmir ki. Buna bir çox nümunələr göstərə bilərik. Nəticələrlə bağlı isə konkret səbəblər göstərə bilmərəm.

- "Sabah" və "Qarabağ" kimi iddialı klubların olmaması əksər komandalar üçün kuboku qazanmaq baxımından yaxşı şans sayırsız? 
- Final haqda düşünmək hələ tezdir. Bizi apreldə yarımfinal mərhələsində "Səbail"lə iki çətin matç gözləyir. "Səbail" ciddi və çox istəkli komandadır. Necə alınacağını zaman göstərəcək.

- Komanda hazırda Premyer Liqada beşinci pillədədir və ilin son oyununda "Turan Tovuz"la qarşılaşacaq. Matçdan gözləntiniz nədir?
- Azarkeşlərimiz qarşısında ilin son oyununa çıxacağıq. Rəqibimiz öz oyunu seçilir. Meydanda uğurlu nəticə üçün mübarizə aparacağıq. Qalib gələrək, fasiləyə yaxşı atmosferdə yollanmaq istəyirik. Turnir cədvəli barədə danışmaq çox tezdir. Qarşıda bizi hələ daha iki dövrə gözləyir.
 

writer photo
Əlirza Əlirzalı
0