“Stress idmanın tərkib hissəsidir. Yəni, işin içində daim stress var. İndi hələ ki, daha çox ailə üzvlərimə, dostlarıma vaxt ayırıram, onlarla zaman keçirirəm. Futbol funksioneri nə qədər yorulsa da, onun rejimi eyni olaraq qalacaq. Yəni, futboldan uzaqlaşmaq mümkün deyil. Oyunlara baxıram, çempionatı izləyirəm”.
Bu sözləri apasport.az saytına açıqlamasında bir müddət əvvəl “Qəbələ”nin baş məşqçisi postundan ayrılan Elmar Baxşıyev deyib.
O, ötən mövsüm kuboku qazanan komandanın bu mövsüm sonuncu pillədə qərarlaşmasının səbəblərindən də danışıb:
“Səbəblər barədə danışarkən, təxmin etmək çətindir. Bilirsiz, komanda oturuşmuş vəziyyətdə idi. Çoxsaylı oyunçuların komandadan ayrılması nəticələrə təsirini göstərdi”.
Baxşıyev, həm onun dövründə, həm də ondan sonra “Qəbələ” futbolçularının qırmızı vərəqələr almasına, hakimlərin isə bu komandaya qarşı qərəzli olub-olmamasına aydınlıq gətirib:
“Hakimlərin "Qəbələ"yə qarşı qərəzli olduqlarını düşünmək istəmirəm. Amma açıq-aydın çox sayda səhvlər var idi, hamısı da yaddaqalandır. Çox sayda qırmızı vərəqələr oldu. Bu həm də oyunçuların ehtiyatsızlıqlarından qaynaqlanan bir şeydir”.
“Qəbələ”dən ayrıldıqdan sonra adı “Sabah”la hallanan yerli mütəxəssis heç bir klubla görüşmədiyini bildirib:
“Təkliflər? Hələ ki, heç bir klub və ya nümayəndə ilə görüşüm olmayıb. Gələcəkdə nə olacaqsa, zaman göstərəcək”.