Elmar Baxşıyev: “Komanda ilə danışsaq da...”
27.07.2023 - 23:11
Elmar Baxşıyev: “Komanda ilə danışsaq da...”

“Çətin oyun olacağını bilirdik. “Omoniya” böyük təcrübəyə malikdir və heyətdə yaxşı futbolçuları var”.

Apasport.az saytı xəbər verir ki, bunu “Omoniya” ilə qarşılaşmadan sonra “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Konfrans Liqasında 2:3 hesabı ilə uduzan Azərbaycan çempionun çalışdırıcısı heyətlə bağlı danışıb. Baxşıyev cavab matçında uğurlu nəticəyə ümid etdiyini bildirib: “Kuboku qazandıqdan sonra heyətdə çox dəyişikliklər oldu. Yeni gələnlər komandaya tam uyğunlaşmayıb. Zamana ehtiyacımız var. Təsadüfi deyil ki, ehtiyat oyunçular skamyasında akademiyanın üzvlərinə şans vermişdik. Cavab matçında uğurlu nəticə qazanmaq uğrunda mübarizə aparacağıq”.

Elmar Baxşıyev buraxılan qollarla bağlı fikrini bildirib. O, standart vəziyyətlər zamanı rəqibin təhlükəli olmasını komandanın diqqətinə çatdırıldığını deyib: “Hər üç qolu standart vəziyyətdən buraxdıq. Bu barədə komanda ilə danışsaq da... Bezus fərdi keyfiyyətlərindən istifadə etdi. Penalti vəziyyətinə gəlincə, epizodu izləmək lazımdır. Bizim çempionatda belə penaltilər təyin etmirlər”.

Qeyd edək ki, “Qəbələ” avqustun 3-də Nikosiyada “Omoniya”nın qonağı olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0