Elmar Baxşıyev: “Komanda oyundan oyuna güvəni qaytaracaq”
15.07.2023 - 23:25
Elmar Baxşıyev: “Komanda oyundan oyuna güvəni qaytaracaq”

“Boluda ikinci yoxlama görüşümüz idi. Üç gündən bir oyun keçiririk. Ağır qrafiklə hazırlıq keçdiyimizi bilirik. Futbolçular yüklənmə altında da istədiyimiz futbolu nümayiş etdirməyə çalışırlar. Bu da sevindiricidir".

Apasport.az saytı xəbər verir ki, bunu “Orenburq”la yoxlama matçından sonra “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis rəqibin gücü barədə danışıb. Baxşıyev “Orenburq”un daha hazırlıqlı komanda olduğunu bildirib: “Bugünkü rəqibimiz yaxşı komanda idi. Rusiya Premyer Liqasında mübarizə aparan bir komanda ilə görüşdük. “Orenburq” toplanışı başa çatdırmaqda olduğu üçün rəqib oyunçular daha hazırlıqlı görünürdülər. Amma komandamız yaxşı oynadı. Rəqibdən çəkinmədik və öz oyun üslubumuzun üzərində dayandıq. Hər matç bizim üçün önəmlidir. Çünki komanda oyundan oyuna güvəni qaytaracaq və xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq”.

Qeyd edək ki, “Qəbələ” Boludakı ikinci yoldaşlıq görüşündə “Orenburq”la 1:1 heç-heçə oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0