“Oyun çox dinamik alındı. Mövsümün son matçı olsa da, hər iki komanda meydanda yaxşı məzmunlu oyun nümayiş etdirdi.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XXVIII turunun “Qəbələ” – “Sabah” oyunundan sonra (1:1) “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
42 yaşlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb: “Çoxsaylı qol epizodları yaratdıq. Sonda qalib də gələ bilərdik. Düşünürəm ki, komanda verilən tapşırığı meydanda layiqincə yerinə yetirməyə çalışdı. Ümumi götürəndə komanda mövsümü istədiyimiz kimi tamamladı və layiqli yerini tutdu. Daha yüksək pillədə ola bilərdik. Amma turnirin necə ağır keçdiyini dəyərləndirsək, komandanın avrokuboklara getməsindən məmnunuq. İnanıram ki, bu heyəti qoruyub saxlaya biləcəyik. Komandanı daha da güclənmək mütləqdir”.
Baxşıyev heyətlə bağlı fikirlərini də bildirib: “Nicat Mehbalıyevin durumu aydın deyil. O, “Sabah” klubuna məxsusdur. Danışandan sonra aydınlıq gələcək ki, qapıçı götürək, yoxsa yox. Kristof Atanqana növbəti mövsümdə də bizimlə olacaq. Onunla əməkdaşlıqda maraqlıyıq. Urfan Abbasov sabah əməliyyata gedir. Onun yerini doldurmaq vacibdir. Bir-iki mövqe var ki, ora da oyunçu alınmalıdır. Çempionat ərzində sırf “9 nömrə”miz də yoxdur. Bəzən Ülvi İsgəndərov, bəzən Emil Səfərov, bəzən Rafael Utziq oynayır. Turnirdə layiqli çıxış etmək istəyiriksə, bu mövqeləri gücləndirmək vacibdir. Bu gün hər iki komanda məzmunlu oynamağa çalışdı. Futbolçular daha çox açıq futbol nümayiş etdirdi. Hər iki komandaya alqış düşdüyünü düşünürəm. İlk öncə komandanı istirahətə buraxmaq, komplektləşmək, sonra iddiadan danışmaq olar”.