“Qəbələ”in baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 16-cı turunun “Kəpəz”lə (0:3) oyunundan sonra mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, Baxşıyev əvvəlcə oyun haqqında fikirlərini bildirib.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Planda nə düzgün getmədi?
- Oyundan öncə planımız o idi ki, qələbə qazanaq. Biz də başa düşürdük ki, sonuncu pillədən qurtulmaq üçün qələbə önəmlidir. Həftəlik tsikldə də futbolçuların istəkli olduğunu görürdük. Sadəcə, oyun istədiyimiz kimi alınmadı. İlk dəqiqələrdən düşündüyümüz tempi də görmədik. Problem özümüzdədir. Rəqibə qələbə qazanmaq üçün hər şansı verdik. Onlar da bundan istifadə etdi.
- Dediz ki, futbolçular istəkli idi. Ola bilər ki, istək oyunçulara imkan vermədi, yoxsa “Kəpəz”in oyun sistemi problem yaratdı?
- Çempionatın ortasıdır. İstək daha da yüksəlməlidir. Rəqibin də qələbəsinə kölgə salmaq istəmirəm. Bizim səhvlərdən sonra “Kəpəz” aktiv oldu. Dayandığımız yerdə səhvlər baş verirdi. Ona görə də, deyirəm ki, səhv özümüzdədir. Özümüz bəzi şeyləri düzəltməliyik ki, daha yaxşı olaq.
- Problem məşqçilər korpusundadır, yoxsa ümumi olaraq, hamıda?
- Problem məndədir ki, komanda uduzur. Bu komandaya cavabdeh şəxs mənəm. Hər məsələyə açığam. Rəhbərlik də komandanı gücsüz görürsə, “Qəbələ” üçün ən yaxşısını etməyə hazıram.