Azərbaycan kubokunun qalibi “Qəbələ” Boluda keçirilən təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama matçında qələbə qazanıb.
Apasport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Elmar Baxşıyev yeni oyunçuları fərqli mövqelərdə sınadıqlarını qeyd edib. Gənc mütəxəssis belə matçlarda nəticənin önəm daşımadığını bildirib: “Boluda təşkil olunan təlim-məşq toplanışında ilk oyunumuzu keçirdik. Əsas istəyimiz yeni oyunçuları fərqli mövqelərdə sınamaq idi. Komandamızla Türkiyə hazırlığına qatılan gənc futbolçularımıza da oyun praktikası qazanmaq imkanı verməyi düşünürdük. Belə qarşılaşmalarda nəticə böyük önəm daşımır. Əsas odur ki, bu gün istədiklərimizi həyata keçirə bildik. Hazırlıq prosesinin indiki mərhələsində hər şeyin bir az çətin alındığını başa düşürük. Həm yeni oyunçular adaptasiya dövrü keçir, həm də klubumuzun yetirməsi olan gənclər əsas komandaya uyğunlaşır. Futbolçularımız oyundan-oyuna optimal formaya yaxınlaşacaq. Bu da sevindiricidir ki, komanda qarşıdakı görüşlərdə daha hazırlıqlı olacaq”.
Qeyd edək ki, "Qəbələ" Moldova klubu "Sukleya" 4:2 hesabı ilə qalib gəlib.