Elmar Məmmədyarov: “AFFA işğaldan azad olan ərazilərdə iki komanda yaradır”
16.06.2023 - 13:28
Elmar Məmmədyarov: “AFFA işğaldan azad olan ərazilərdə iki komanda yaradır”

“Futbolu işğaldan azad olan ərazilərdə necə inkişaf etdirməklə bağlı müzakirələr oldu. Artıq Füzuli və Cəbrayılda iki komanda yaratmaq barədə razılığa gəlmişik”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov deyib.

Komitənin bugünkü iclasından sonra jurnalistlərə açıqlama verən Məmmədyarov yığıncaqdakı müzakirələr və qərarlara toxunub: “AFFA-ya məcburi köçkünlər geri qayıtdıqdan, ərazilər minadan təmizləndikdən sonra Zəngilanda, Laçında, Kəlbəcərdə futbolu inkişaf etdirmək üçün xüsusi proqram hazırlanması tapşırılıb”.

Komitə üzvü Premyer Liqadakı komanda sayının dəyişdirildiyini bildirib: “Komanda sayını 12-yə yüksəltdik. “Şamaxı” Premyer Liqada qaldı, “Araz Naxçıvan” və “Zaqatala” da orda oynayacaq. 1-ci və 2-ci liqanı da müzakirə etdik. 1-ci liqada 10, ikincidə 12 komanda oynayacaq”.

Məmmədyarov Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Estoniyaya qarşı keçiriləcək matçından da danışıb: “Udacağıq. Birmənalı şəkildə deyirəm. Ümidimiz olmasa, heç gəlmək lazım deyil. Sabah stadiona gələcəm, baxacam. Ümid edirəm ki, uda bilərik”.

Sabiq xarici işlər naziri “Neftçi”nin Rusiyadakı “Matç TV kuboku”nda iştirakı ilə bağlı sualı da cavablandırıb: “Neftçi”nin Rusiyadakı turnirdə oynaması yaxşıdır. Normal qonşu ölkədir. Söhbət futboldan gedir. Siyasi baxımdan nə isə olacağına inanmıram. “Neftçi” üçün də təcrübə yığmaq baxımından yaxşıdır. “Srvena Zvezda”, “Zenit”, “Fənərbaxça” kimi məşhur komandalar oynayır. Praktika baxımından yaxşı olacaq. Avrokuboklara hazırlaşırlar. İnanıram ki, onlar da uğurla çıxış edəcəkıər”.

Məmmədyarov AFFA-dakı fəaliyyətinin maraqlı olduğunu qeyd edib: “AFFA-dakı fəaliyyətimə, özüm-özümə qiymət verə bilmərəm. Mənim üçün çox maraqlıdır. Uşaqlıqdan futbol həvəskarıyam. Ona görə komitə üzvü olmaq maraqlıdır. Növbəti seçkilərdə namizədliyi verib-verməmək barədə indidən danışmaq çətindir”.

writer photo
Əlirza Əlirzalı
0