Emin İmaməliyev: “Onlar “Qarabağ”ın gücünə güc qatacaq futbolçulardır" - MÜSAHİBƏ
04.07.2023 - 13:49
Emin İmaməliyev: “Onlar “Qarabağ”ın gücünə güc qatacaq futbolçulardır" - MÜSAHİBƏ

“Qarabağ”ın veteran futbolçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Emin İmaməliyevin apasport.az saytına müsahibəsi 

- "Qarabağ" Avstriya toplanışında "Ferentsvaroş"la, daha sonra "Legiya" ilə oynadı. Üçüncü matç bu gün Sofiya MOİK-inə qarşı olacaq. Rəqib seçimlərini necə dəyərləndirərdiz?
- Təbii ki, yaxşı rəqiblərdir. Toplanış zamanı bu cür komandalarla oynamaq yaxşıdır. 

- “Qarabağ” "Ferentsvaroş"la 3:3 hesabı ilə heç-heçə oynadı, sonra isə “Legiya”ya 0:2 uduzdu. Görüşləri necə şərh edərdiz? 
- “Qarabağ” toplanışda heç-heçə edib, sonra uduzsa da, oyun baxımından yaxşı təsir bağışlayır. Bu cür oyunlarda buraxılan səhvləri düzəldib, Çempionlar Liqasında daha da yaxşı “Qarabağ” görə biləcəyik.
 
- “Qarabağ”ın yeni transferləri haqda yəqin ki, məlumatlısınız. Hamidu Keyta "Zirə"dən gəlib. “Çaveş”dən transfer edilən Juninyo Vieyradan isə gözləntilər yüksəkdir. Transferlər barədə fikirləriniz necədir?
- Məncə, “Qarabağ” üçün yaxşı transferlərdir. Bəli, Keytanı “Zirə”dən tanıyırıq. Juninyo da Portuqaliyadan gəlib. Fikrimcə, həm Keyta, həm də Juninyo “Qarabağ”ın gücünə güc qatacaq futbolçulardır. 

- Necə düşünürsüz, "Qarabağ" daha hansı mövqeləri gücləndirməlidir və ümumiyyətlə, transferlərə yenə də ehtiyacı var?
- Bu barədə bir söz deyə bilmərəm. Çünki bunu ancaq komandanın məşqçilər korpusu qərar verəcək. Məsləhət bilsələr, yəqin ki, transferlər edəcəklər. 

- “Qarabağ” 1 həftədən sonra ÇL-də ilk oyununa çıxacaq. Rəqib isə Cəbəllütariqin "Linkoln" klubudur. Səncə, püşkatma "Qarabağ" üçün uğurlu alındı?
- Çempionlar Liqasında, avrokuboklarda zəif rəqib olmur. Əksinə, belə komandalara qarşı daha da istəkli, daha hazırlıqlı olmalısan. Rəqibin zəif olduğunu fikirləşməməlisən. Elə ən çətin rəqiblər də “Linkoln” kimi komandalar olur. Amma istənilən halda, “Qarabağ”a inanırıq və ümidvaram ki, hər şey yaxşı olacaq.

- "Qarabağ" səddi keçsə, Polşa çempionu "Rakov"la qarşılaşacaq. Demək olar ki, "Qarabağ"ın 1-ci və 2-ci mərhələ üçün səddi keçilə biləcəkdir, o qədər də ağır deyil?
- Söhbət Çempionlar Liqasından gedirsə, burada ümumiyyətlə, zəif rəqib tapmaq olmur. Mərhələni keçən tərəf “Qarabağ” olacaq və bizləri sevindirəcək. 

writer photo
Əlirza Əlirzalı
0