“Qarabağ”ın veteran futbolçusu Emin İmaməliyev apasport.az saytına müsahibə verib.
- “Qarabağ”ın ilk matçda "Braqa"ya 4:2 hesabı ilə qalib gəlməsini necə şərh edərdin?
- Öncə, “Qarabağ” ailəsini, futbolçuları, məşqçi heyətini, rəhbərliyi və futbol camiəsini təbrik edirəm. “Braqa” üzərindəki qələbə böyük uğurdur. Bütün Azərbaycan buna sevindi. “Qarabağ” futbolçuları və “Qarabağ” ailəsi Qarabağ adını uca tutdu.
- Maraqlıdır ki, sizinlə son müsahibədə "Qarabağ"ın, hətta "Braqa"nı keçəcəyini də iddia edirdiniz. Demək olar ki, bu ehtimalın doğru çıxmasına çox yaxınsız. Nəyi əsas götürürək bunu demişdiz?
- Bəli, “Qarabağ”a inamım böyükdür, həmişə də olub. Çünki onlar bunu öz oyunu və xarakteri ilə sübut edib. Onlar Azərbaycan futbolunun adını hər zaman uca tutub. İnanıram ki, bunu hər dəfə edəcəklər, uğurların davamı gələcək.
- “Braqa”nın oyuna arxayın çıxdığını iddia edənlər də var. Səncə, rəqib tərəfdən bir yanaşma var idi ?
- Xeyr, deməzdim ki, “Braqa” oyuna arxayın çıxmışdı. İnanmıram ki, hansısa rəqib hansısa rəqibə qarşı inamsız meydana çıxsın, motivasiyasız oynasın. Sadəcə “Qarabağ” həmin gün çox möhtəşəm idi. Futbolçular xarakter və əzmkarlıq, üstəgəl öz oyunlarını ortaya qoya bildilər. Bununla da, istənilən nəticə qeydə alındı.
- Bakıdakı cavab matçı öncəsi 4:2 yaxşı üstünlük deyil?
- Əlbəttə ki, 4:2 hesablı qələbə üstünlük deməkdir. Məncə, ikinci oyun bir az da ağır olacaq, çətin keçəcək. “Braqa” qələbəyə köklənəcək. Amma inanıram ki, “Qarabağ” bu oyunda da sərfəli nəticə qazanacaq və Azərbaycan futbolu üçün növbəti tarixi yazacaq, hamımızı sevindirəcəklər.
- “Qarabağ”ın 1/8 finala daha yaxın olduğunu demək olar?
- İnanıram ki, “Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanacaq. İkinci matçda da “Qarabağ” möhtəşəm oyun göstərərək xalqımızı sevindirəcək. Buna heç şübhəm yoxdur. Komandamızın oyunu da bunu deməyə əsas verir. Belçika, Portuqaliya, İtaliya, İspaniya, İngiltərə futbol baxımından bizdən üstün olan ölkələrdir. Düşünürsən ki, onlar dominant oynayacaq. Amma “Qarabağ” elə futbol sərgiləyir ki, bu dəqiqə bütün rəqiblər “Qarabağ”dan çəkinir. Onlar illərdir ki, avrokuboklarda qruplarda oynayır. “Qarabağ” öz oyunu ilə bizi sevindirir, rəqibləri isə gərginlikdə saxlayır.
- “Qarabağ” mərhələlər keçdikcə, onlardan gözlənti də böyüyəcək. Səncə, “Qarabağ” finala qədər gedib çıxa bilər , yoxsa bunu mümkünsüz hesab edirsən?
- Hamımız istəyirik ki, “Qarabağ” daha da irəli getsin. 1/8, 1/4 finala qədər getməsini arzulayırıq. Azərbaycan futbolunda belə klubumuzun olmağı çox xoşdur. Hər dəfə bizi sevindirir. İnanıram ki, gələcəkdə digər klublarımız da Azərbaycan futbol camiəsini avrokuboklarda sevindirəcək. Bunu çox istəyirik. Əminliklə və inanaraq deyirəm ki, “Qarabağ” 1/8 finala çıxmağa layiqdir. Bunu da bacaracaq. Nə qədər çətin olsa belə, inamım böyükdür. “Qarabağ”a uğurlar arzulayıram. Allah qoysa, 1/8 final mərhələsində oynayarlar. Hətta 1/4 finala qədər də gedə bilərlər.