UEFA, “Qalatasaray” futbolçusunun vurduğu qolu həftənin ən yaxşısı seçib.
Apasport.az saytı xəbər verir ki, Çempionlar Liqasında “Kopenhagen”ə (2:2) qarşı matçda komandasının bərabərlik qolunu vuran Tete “həftənin qolu” mükafatına sahib olub.
23 yaşlı cinah oyunçusu “Latsio”nun qapıçısı Provedel, “Barselona”dan Joao Feliks və “Lans”ın üzvü Angelo Fulgini qabaqlayıb. Matçın 59-cu dəqiqəsində komandası 0:2 geridə olduğu zaman oyuna girən braziliyalı 86-cı dəqiqədə Saşa Boeyə məhsuldar ötürmə verib. Bu qoldan 2 dəqiqə sonra hesabı bərabərləşdirən Tete komandasının 1 xal qazanmasında önəmli rol oynayıb.
Qeyd edək ki, o, yay transfer pəncərəsində Donetsk “Şaxtyor”undan “Qalatasaray”a qoşulub.