“Uzaqda olsam da, Azərbaycan çempionatına daim baxıram. Xüsusilə də, “Neftçi”ni izləyirəm”.
Bu sözləri apasport.az saytına “Neftçi”nin sabiq futbolçusu Erik Ramos deyib.
“Ağ-qaralar”ın formasını geyinmiş paraqvaylı yarımmüdafiəçi komandanın titul qazanmaq şanslarını dəyərləndirib. Ramos Bakı klubunun ölkə kuboku perspektivinə toxunub: “Təbii ki, digər komandalara da baxıram. Bilirəm ki, “Neftçi” turnir cədvəlinin üçüncü pilləsindədir. Təəssüf ki, “Neftçi” “Qarabağ”dan çox uzaqdadır. Məncə, komandam bu mövsüm ölkə kubokunu qazanacaq. Çünki onlar mövsümü titulla başa vurmaq üçün yaxşı şansa sahibdirlər, yarımfinalda mübarizə aparacaqlar”.
2014-cü ildə “Neftçi” ilə kubok qazanan cənubi amerikalı paytaxt təmsilçisinin bu yarışdakı son uğurunu xatırlayıb: “Bəli, sonuncu dəfə 2014-cü ildə ölkə kubokunu qazanmışıq. Həmin anları çox yaxşı xatırlayıram. Oyunsonrası penaltilər seriyası zərurəti yarandı. Hətta “Qəbələ” ilə final görüşündən sonrakı penaltilər yaxşı yadımdadır. Penalti seriyasındakı yerinə yetirdiyim zərbəni də xatırlayıram. Çox gözəl anlar idi. Komanda artıq 9 ildir ki, kuboku qazana bilmir. İndi “Neftçi” üçün ölkə kubokunu qazanmağın əsl vaxtıdır. Nədənsə inanıram ki, bu mövsüm “Neftçi” ölkə kubokunu qazanacaq”.
Qeyd edək ki, Ramos 2012-16-cı illərdə “Neftçi”nin formasını geyinib.