Ernad Skuliç: "Məncə, Rəşad Sadıqov istədiyinə nail oldu" - Müsahibə
11.08.2024 - 14:28
Ernad Skuliç: "Məncə, Rəşad Sadıqov istədiyinə nail oldu" - Müsahibə

Azərbaycan Premyer Liqasında uzun illər oynamış xorvatiyalı, “Bakı”nın sabiq kapitanı Ernad Skuliç Apasport.az saytına müsahibə verib.

Hazırda ölkəsinin “İnter”(Zapreşiça) klubunda məşqçi kimi çalışan Skuliç Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Zirə” və “Osiyek” klublarının şanslarından söhbət açıb:

- Xorvatiyadakı birinci oyun 1:1 hesabı ilə nəticələndi. Nəticə sənin üçün gözlənilməz oldu, yoxsa "Zirə"nin sərfəli nəticə qazanacağını ehtimal edirdin?

- Oyunu ilk dəqiqədən sona qədər baxdım. Düzdür, Osiyekə gedib oyunu canlı olaraq stadiondan izləyə bilmədim. Amma televizor vasitəsilə baxdım görüşə. Düzünü deyim, ilk yarıdakı oyunu götürsək, matçın heç-heçə başa çatacağını düşünmürdüm. Amma elə alındı ki, matç bərabərliklə nəticələndi. Yaxşı oyun alındı.

- Səncə, "Osiyek" nəyə görə qələbə qazana bilmədi? Əsas səbəbi nədə görürsən?

Məncə, əsas məsələ odur ki, "Osiyek" ilk yarıda yaratdığı qol epizodlarından yararlanmağı bacarmadı. Fasilədən sonra isə "Zirə" daha çox stabilləşdi. Üstəlik, bu komanda ikinci yarıda daha cəsarətli oynamağa başladı. Nəticədə də layiqli şəkildə hesabı bərabərləşdirdi. 

- Ramon Mierez oyun günü artıq BƏƏ klubuna transfer olunmuşdu. Onun yoxluğu "Osiyek" üçün böyük itki idi? hiss edilirdi bu?

- Mierez "Osiyek"in ən yaxşı oyunçusu idi. Onun gedişi komanda üçün böyük itkidir. "Osiyek"in ən böyük səhvi ondadır ki, Mierezi saxlamağı bacarmadılar. Mierez "Zirə" ilə matçda meydanda olsaydı, "Zirə" üçün müdafiə olunmaq daha da çətinləşəcəkdi. Bu dəqiq belə olardı. Çünki Mierez çox yaxşı futbolçudur.

- "Zirə" haqda hansı fikirdəsən? Bu komandanın oyun stili, oyun sistemini bəyəndin?

Əlbəttə. "Zirə" ağıllı oynadı. Məncə, Rəşad Sadıqov istədiyinə nail oldu. Hər halda, Xorvatiya səfərində uduzmadılar, sərfəli nəticə əldə etdilər. Fikrimcə, "Zirə"nin növbəti mərhələyə adlamaq üçün yaxşı şansı var. 

- Səncə, Bakıdakı matçda necə olacaq, hansı ssenari gedəcək? "Zirə"nin, yoxsa "Osiyek"in yaxşı şansı var?

- Artıq ilk oyunu gördük. Doğrudur, proqnoz vermək heç vaxt asan deyil. Amma məncə, növbəti mərhələyə keçən tərəf "Zirə" olacaq.

- Yeri gəlmişkən, "Osiyek"in baş məşqçisi Federiko Koppitelli bildirib ki, "Zirə" sona qədər bizə qol vura bilməyəcəkdi. Səncə, o, doğru danışır?

- Xeyr, mən Koppitellinin dediyi ilə qəti razı deyiləm. İtaliyalı daha çox öz komandası haqda düşünməlidir. Bəlkə də, "Zirə" ilə cavab görüşü Koppitelli üçün "Osiyek"in ehtiyat skamyasında keçirəcəyi son oyun oldu. Çünki o, "Şibenik"ə uduzdu, bu dəfə isə "Dinamo" (Zaqreb) ilə oynayacaq. Daha sonra isə Bakıya yollanacaq. Hansı ki, o, görüş olduqca ağır və çətin keçəcək.

writer photo
Əlirza Əlirzalı
0