Etibar İbrahimov: "Azər Məmmədova görə oynadıq"
10.11.2023 - 21:29
Etibar İbrahimov: "Azər Məmmədova görə oynadıq"

Bu gün Misli Premyer Liqasında XIII tura start verilib.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisini meydana çıxaran əvəzedici məşqçi Etibar İbrahimov  Araz- Naxçıvanı 1-0 hesabıyla məğlub etdiyi matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Bu gün sevindirici hal o idi ki, təzyiq yox idi. Ən azından, hamı bilirdi ki, bir oyunluq burdayam. İstefa qışqırmayacaqlarını bilirdim, rahat idim. Bu gün Azər Məmmədova görə oynadıq. Zaman lazım idi ki, komanda özünə gəlsin. Sübut etdik ki, Azər müəllim yaxşı komanda formalaşdırıb - istəkli, güclü. Sadəcə müəyyən zədələr, səhvlər bizi acı məğlubiyyətlərə gətirib çıxarırdı. Bu gün komanda hər şeyi etdi ki, azarkeşləri sevindirsin. Möhtəşəm azarkeşlərimiz bizimləydilər. Onlara təşəkkür edirəm. Bu yəqin ki, axırıncı çıxışımızdı. Komandamıza uğurlar arzulayıram. Allah qoysa, "Kəpəz" layiq olduğu yerə gəlib çıxar. Yeni gələn məşqçiyə uğurlar.

- Komandanın xaraktet göstərməsi üçün Azər müəllimin getməsi lazım idi?
Hərdən-bir həyatda elə şeylər olur ki, insanlar yaxınlarını itirəndə qədrini bilirlər. Uşaqlar Azər müəllimi itirdiklərini gördükdə, onun üçün döyüşdülər. O, komandanı yüksək səviyyədə idarə etdi, hər şeyi etdi ki, Gəncə futbolu ayağa qalxsın. Əfsuslar olsun ki, Azər müəllimə müəyyən kütlələr tərəfdən zaman tanınmadı. Müəyyən səbəblərə görə Azər müəllim istefa verdi.

Sizə baş məşqçi kimi qalıb işləmək təklif olunsa, cavabınız necə olacaq?
Azər müəllimlə gəlmişəm. Onunla birlikdə komandanı tərk edirəm. Baş məşqçi və köməkçi kimi qalmaq niyyətim də yoxdur. 

Gələcək planlarınız haqda nə düşünürsüz?
Bilmirdim ki, bu gün qələbə qazanacağıq. Ağır günlər keçirdik. Zaman lazımdır ki, özümüzə gələk. Allah nə yazıbsa, o da olacaq.

Daha çox ölkə xaricində işləmisiz. Yenidən xaricə gedəcəksiz?
Dekabrda Almaniyaya getməyi planlaşdırıram. "Ayntraxt"la müqaviləm var idi. Onları "Kəpəz"də işləmək üçün təxirə saldım. Akademiya pandemiyaya görə bağlanmışdı. Buna görə kompensasiya vermişdilər. "Kəpəz"ə etmək üçün gəldim. Azər Məmmədov kimi şərəfli insanla işləmək mənim üçün də şərəf idi. Heç peşman deyiləm. Premyer Liqada təcrübə qazandıq. Müəyyən səhvlər etdik. 8 il almanla işləmişəm. O deyirdi ki, Etibarla dalaşırıq, vuruşuruq, sonda komanda üçün xeyir olur. Azər Məmmədovla da məhz belə idi.

-Sizcə, gələn məşqçi Gəncə futboluna, "Kəpəz"ə uğur qazandıracaq? Yoxsa, müəyyən kütlə orada qaldıqca, Joze Mourinyo da gəlsə, düzələn deyil?
Bu suala 60 faiz cavab verəcəm. Bəli, müəyyən problemlər var. Çox xoş haldır ki, bu il komandanın içində problem yox idi. Amma kənarda müəyyən kütlələr tərəfindən hazırlanmış planlar var idi. Əfsuslar ki, bu Gəncə futbolunun inkişafına təsir etdi. Ümid edirəm ki, gələn məşqçi Gəncə futbolu üçün uğurlu olar.

writer photo
Əlirza Əlirzalı
0