“Neftçi”nin sabiq məşqçisi Etibar Tarverdiyevin apasport.az saytına müsahibəsi
- “Neftçi” hazırda 45 xalla üçüncü pillədədir. “Qarabağ”dan 13, “Sabah” dan 8 xal geridədirlər. “Ağ-qaralar”ın hazırkı durumu kənardan necə görünür?
- Qış fasiləsi yeni başa çatıb. Artıq bir neçə oyunda meydana çıxıblar. Son matçlarda xallar qazanıblar. Amma sırf adını çəkdiyiniz komandalarla müqayisə etsək, bəli, “Neftçi” “Qarabağ” və “Sabah”dan oyun planında geri qalır.
- “Neftçi”nin çempionluq və ikincilik şanslarını necə dəyərləndirirsən? Necə düşünürsən, “Neftçi” turnir cədvəlində irəliləyə bilər?
- Görünən odur ki, “Neftçi” elə üçüncü pillədə də qalacaq. “Zirə” və “Qəbələ”nin qeyri-stabil çıxışı onu deməyə əsas verir. Hər halda, aşağıya düşməyəcək. Əsas da “Neftçi” bu mövsüm kuboku qazanmaq istəyəcəklər ki, il uğurlu hesab edilsin.
- Laurentsiu Regekampf daha çox müzakirə edilən adamdır. Demək olar ki, komandanın uğursuzluğuna əsas səbəbkar rumıniyalı məşqçidir?
- Bir yerdə uğursuzluq varsa, tək baş məşqçinin yox, hərənin öz payı var. Birinin az, birinin çox, amma ümumilikdə hamının öz payı var. Düşünmürəm ki, uğursuzluq var. Hər halda, komanda üçüncü pillədədir və kuboku qazanmaq şansına da sahibdirlər. Mövsüm sonunda onlar üçün uğurlu olub-olmadığını görəcəyik. Əgər uğursuzluq varsa, tək baş məşqçi günahkar deyil. Komanda oyunudursa, burada hər kəs burada payını götürməlidir.
- “Neftçi” XXIII turda Şahin Diniyevin rəhbərlik etdiyi “Səbail”lə qarşılaşacaq. Necə düşünürsən, matçdan qələbə ilə ayrıla bilər?
- “Səbail”lə oyunda “Neftçi”nin qələbə qazanmaq şansı 60 faizdir. Çünki “Neftçi”nin daha təcrübəli və keyfiyyətli oyunçuları var. Elə həmin oyunçuların fərdi keyfiyyəti hesabına “Neftçi” üstün ola bilər. Amma ümumilikdə asan olmayacaq. İstənilən halda, “Neftçi” daha şanslıdır.
- “Neftçi”nin mövsümü kubokla xilas edəcəyini ehtimal edirsən?
- Əlbəttə ki, “Neftçi” kuboku qazanmaqla, mövsümü xilas edəcək, bir çox söz-söhbətlərə son qoya bilər. Amma “Turan Tovuz”a qarşı oyun asan keçməyəcək. Olduqca çətin olacaq. Hər halda, “Neftçi” kuboku istəyirsə, bunu etməlidir. Necə olacağını zaman göstərəcək.
- “Neftçi”nin yeni transferləri - Höccət Haqverdi, Kilan Lebon, Mateus Saldanya barədə fikrin necədir? Daha yaxşı oyunçular gətirmək olardı?
- Yeni legionerlər haqda nəsə demək tezdir. Mövsümün sonunda nəsə demək olar. Höccət Haqverdi haqda danışmaq mümkündür, çünki onu tanıyırıq. Məncə, o, öz mövqeyində daha çox xeyir verə bilər. Kilan Lebona gəlincə, görünür ki, oyundan-oyuna yaxşı mənada dəyişiklikləri var. Mateus Saldanya da artırır. İki-üç qarşılaşma ilə nəsə qiymət vermək mümkün deyil. Bir futbolçunu qiymətləndiririksə, onun stabilliyinə də fikir vermək lazımdır. “Neftçi”nin oyununa nə dərəcədə xeyir verəcəklər, mövsüm sonunda görəcəyik.