Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Lex” – “Qarabağ” oyununa izdiham gözlənilir.
Apasport.az saytı xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 5-də Poznanda baş tutacaq qarşılaşmanın biletləri satışa çıxarıldıqdan dərhal sonra azarkeşlər böyük maraq göstəriblər. Təsadüfi deyil ki, 50 dəqiqə ərzində 5000 bilet satılıb. Hətta onlayn bilet almaq istəyənlərin həddən artıq çox olması vebsaytın yüklənməsinə səbəb olub.
43 min tamaşaçı tutumuna malik olan Poznan stadionunda baş tutacaq görüşə ən ucuz bilet 60-80 zlotadır (23-30 manat). Ancaq mövsümi bilet sahiblərinə 50 faiz endirim edilir. Uşaqlar üçün biletlərin qiyməti isə 30-40 zlotaya (11-15 manat) bərabərdir.
Qeyd edək ki, “Lex”lə “Qarabağ” arasında cavab oyunu iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.