Əyyub Allaş: “Qarabağ”la oyuna fokuslanmışıq” - MÜSAHİBƏ
28.02.2023 - 14:52
Əyyub Allaş: “Qarabağ”la oyuna fokuslanmışıq” - MÜSAHİBƏ

“Qəbələ”nin yeni transferi Əyyub Allaşın apasport.az saytına müsahibəsi

- “Qəbələ”yə transferin necə alındı? Bu təklif çoxdan var idi... 
- Bəli, təklif artıq hazır idi. Sadəcə, keçmiş klubum olan “Virton”la bəzi sənədləri yoluna qoymalı idik. Bu həllini tapdıqdan sonra “Qəbələ”yə gəldim. Baş məşqçi məni istəyirdi. Bu da mənim üçün çox önəmli idi. Çünki əgər baş məşqçi şəxsən özü səni komandada görmək istəyirsə, bu önəmlidir. Ona görə də, “Qəbələ”yə gəldim və burada olduğuma görə şadam. 

- "Qəbələ" və ya Azərbaycan futbolu haqda hər hansı məlumata sahib idin? 
- Düzünü deyim, xeyr. “Qəbələ” haqda heç bir məlumatım yox idi. Lakin bu komandadan təklif gələndən sonra internetdə məlumat toplamağa başladım. Müsbət məqamlar çox idi. 

- "Qəbələ"dəki vəziyyətin necədir? Ev oyunlarınızı paytaxtda deyil, Qəbələdə oynayırsınız. Oradakı şərait səni qane edir? 
- Əlbəttə. Yaradılan şəraitdən, komandanın da şəraitindən çox razıyam. Doğrudur, oyunlarımızı Qəbələdə oynayırıq. Amma ora paytaxtdan uzaq məsafədə deyil. Avtobusla maksimum iki saat yarıma ora çatırıq. Ona görə də, hər şey qaydasındadır, bu məsələdə heç bir problem yoxdur. Biz peşəkarıq və işimizi yerinə yetiririk. 

- Artıq Azərbaycan çempionatında debüt etmisən, hətta iki görüşdə oynamısan. Bir matçda “Qəbələ” evdə qalib gəldi, digər oyunda heç-heçə oynadı. Bu iki qarşılaşma haqda hansı fikirdəsən? 
- Bu, iki vacib oyun idi. Yaxşı oyunlar oynadıq. Fikrimcə, “Səbail”lə görüşdə kiçik səhvlər edib, bərabərə qaldıq. Amma əsas odur ki, sonradan bərabərlik yarada bildik və xalla ayrıldıq. Artıq hər iki matçlar geridə qalıb. Biz qarşıdakı görüşə hazırlaşırıq. İndi məhz növbəti turun hazırlıqları gedir. “Qarabağ”la oyuna fokuslanmışıq.

- Azərbaycan Premyer Liqasının səviyyəsi barədə nə düşünürsən? 
- Düzdür, Azərbaycan çempionatında hələ çox oyuna çıxmamışam. Cəmi iki oyunun iştirakçısı olmuşam. Ancaq fikrimcə, Azərbaycan çempionatı yaxşı səviyyədədir. Hər halda, az oynasam da, gördüklərim belədir. Olduqca yaxşı liqaya gəldiyimi düşünürəm.

- "Qəbələ" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Səncə, bu komandanı məğlub edə biləcəksiz? 
- Futbolda hər şey mümkündür. Biz də bu oyuna hazırlaşırıq. Əgər hər şey baş verirsə, biz niyə də “Qarabağ”a qalib gəlməyək? Doğrudur, onlar çox güclü və yaxşı komandadır. Bu komandada çoxlu sayda yaxşı futbolçular oynayır. Amma futbolda heç kimi qiymətləndirməmək olmaz. Biz əlimizdən gələni edəcəyik. 

- Yeri gəlmişkən, Belçika futbolunun yetirməsisən. “Qarabağ”ın “Gent”ə məğlub olması sənin üçün gözlənilməz idi? Yoxsa, düşünürdün ki, belçikalılar güclüdür və mərhələni adlayacaq? 
- Bakıda keçirilmiş oyunu canlı izləyirdim. İkinci matça da baxdım. Fikrimcə, “Qarabağ”ın Belçikadakı ən yaxşı oyunu deyildi. Səfərdə görüşün daha ağır və çətin keçəcəyini bilirdim. Çünki Belçika futbolunun nə demək olduğunu bilirəm. Hər halda, futboldur və hər şeyin baş verməsi mümkündür.

writer photo
Əlirza Əlirzalı
0