“Neftçi”nin keçmiş futbolçusu Erik Fabian Ramos Apasport.az saytına müsahibə verib.
- “Neftçi” bu mövsümü Azərbaycan Premyer Liqasını 5-ci pillədə başa vurdu. Amma onlar avrokuboklara yollanmadı. Bu haqda fikrin necədir?
- Premyer Liqada qalib gəlmədilər, kubokdan da kənar qaldılar. Bu çox üzücü xəbərdir. Mövsümü xilas etmək yolu Avropaya yollanmaq idi. Lakin mövsüm “Neftçi” üçün çox pis şəkildə bitdi. Hər halda, başqa cür olmasını istəyərdim, amma olmadı. Təəssüf.
- “Neftçi” kimi komandanın avrokuboklara yollana bilməməsi faciədir?
- Heç nə qazanmamaq faciədir. Üstəlik, Avropaya yollanmırsınızsa, bu daha da pisdir. “Neftçi” hər mövsüm avrokuboklarda oynamalıdır. Klubun yaxşı büdcəsi var, geniş heyət var, belə ola vəziyyətdə heç nə qazanmamaq çox böyük faciədir.
- “Neftçi” artıq baş məşqçisi ilə yollarını ayırdı. Səncə, bununla işlər qaydasına düşəcək?
- Hər mövsüm eyni hekayədir. Baş məşqçi vəzifəsini tərk edir, başqa məşqçi gəlir, oyunçu qrupu gedir və başqaları gəlir. Məncə problem başqa yerdədir. Səhv qərarlar verirlər. Bəli bizim də pis anlarımız olmuşdu. Lakin “Neftçi” heç vaxt Avropasız qalmırdı. Həmişə avrokuboklara vəsiqə qazanırdıq.
- “Neftçi”ni yenidən uğurlu olması üçün nələr baş verməlidir, nə etməlidirlər? Məsləhətin nədir?
- Yaxşı layihə təqdim etmək, gənclər komandasında işləmək, yerli futbolçulara daha çox imkan vermək, əcnəbiləri yalnız lazımi mövqelərə gətirmək lazımdır. Son illərdə çoxlu pullar nəticəsiz itirilib, hər mövsüm məşqçi və oyunçu dəyişmək düzgün deyil.
- Sənin zamanındakı “Neftçi” ilə indiki arasında hansı fərqləri görürsən?
- Mənim zamanımda çox fərq vardı, prezident, idarə heyəti, məşqçi və oyunçular, hamısı dəyişilib. Biz əla komanda yaratmışdıq, gözəl ailəmiz var idi, qardaş kimi idik və müsbət nəticələr əldə edə bildiyimiz yerdə bizi daha da gücləndirdi. Tarixdir. Karyeramın ən yaxşı illəri adlandıra bilərəm.