Federasiya prezidenti: “Diqqətləri özümüzə cəlb edə bilmişik”
14.11.2022 - 16:05
Federasiya prezidenti: “Diqqətləri özümüzə cəlb edə bilmişik”

“Bu gün püşkatma mərasimi keçirdik. 17 komanda iştirak edəcək. Çempionat təxminən 7 ay davam edəcək”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov ölkə çempionatının 2022/23 mövsümünün püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, çempionat barədə fikirlərini bildirib: “Çoxlu komandalar çıxış edəcək. Yeni komandalar, yeni simalar var. İnanırıq ki, turnir futbol həvəskarları arasında maraqla qarşılanacaq. Çünki daha çox komanda, idman, futbol həvəskarları bu turnirdə iştirak etmək istəyirdi. Lakin biz qərarlaşdırdıq ki, 17 komanda ilə başlayaq. Gələn mövsümdə bəlkə bunun artırılması istiqamətində bəzi işlər görüləcək. Stadionlarımıza gəlincə, federasiya olaraq “Azfar” şirkəti ilə müqavilə bağlanıb və bu mövsüm oyunlar onların stadionlarında keçiriləcək. Ümumiyyətlə, Avropa və dünya federasiyalarının standartlarına baxsaq, bu stadionlar onlardan cüzi fərqlənir. Konkret olaraq bu standartlara uyğun stadionun tikilməsi məsələsinə gəlincə, müəyyən hazırlıqlar başlanılıb. İnanırıq ki, gələn mövsümə qədər bu stadion komandaların üzünə açıq olacaq. Tam olaraq dünya federasiyasının standartına uyğun arenamız olandan sonra hansısa böyük turnirin ölkəmizdə keçirilməsinə baxılmasını nəzərdən keçirə bilərik”.

Məmmədov federasiyanın Azərbaycan Gənclər və İdman Nazirliyində qeydiyyatdan keçməsinin işlərinə təsirinə də toxunub: “Əlbəttə, bu, imkan verəcək ki, federasiya peşəkar sistemdə fəaliyyət göstərsin. Federasiya öz bayrağı altında müxtəlif turnirlər keçirə biləcək. Rəsmi olaraq futbolçuları qeydiyyat keçirmək imkanı olacaq. Tam olaraq digər federasiyalar necə fəaliyyət göstərirsə, hüquqi cəhətdən elə çalışmaq imkanı verəcək”.

O bildirib ki, AMF ilə AFFA arasında hər hansı bir əməkdaşlıq nəzərdə tutulmayıb: “Minifutbola baxsaq, dünya və Avropa federasiyaları FİFA və UEFA-ya daxil deyil. Yəni buna görə də biz AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik. Futbol və futzal FİFA ilə UEFA-ya daxildir. Minifutbol isə müstəqil fəaliyyət göstərir. Ona görə də AFFA ilə əməkdaşlıq gündəmdə deyil. Əgər dünya və Avropa federasiyaları belə addım atsa, biz də ondan sonra bu məsələyə baxa bilərik”.

Məmmədov komandaların seçiminə də toxunub: “Çox sayda komanda iştirak etmək istəyirdi. Amma əlbəttə hüquqi tərəfdən müəyyən kriteriyalarımız var idi. Onlara cavab verən komandaları seçdik. Əvvəldən belə fikirləşdik ki, 17-18 komanda saxlayaq. Elə də oldu. Bizim müəyyən qaydalar var ki, onlara uyğun seçim aparıldı. Yenidən gələn mövsüm iştirakçı sayını artırmağa gəlincə həmin kriteriyalara baxacağıq”. 

Funksioner gələn il keçiriləcək dünya çempionatı barədə sualı da cavablandırıb: “2023-cü ildə BƏƏ-də dünya çempionatı keçiriləcək. Biz orda Avropa çempionu qismində iştirak edəcəyik. Diqqətləri özümüzə cəlb edə bilmişik. Bu da bizim məsuliyyətimizi artırır. Xüsusilə öz ölkəmizdə və Avropada. İnanırıq ki, komanda bu məsuliyyəti dərk edir. Dünya çempionatı tam başqa turnirdir. Orada müxtəlif komandalar var. Ona görə də inanırıq ki, komandamız Avropa çempionuna uyğun tərzdə, öz adını qorumaq şərtilə iştirak edəcək”.

Məmmədov ölkəmizin gələcəkdə qəbul edə biləcəyi turnirlərə də toxunub: “Stadion tikilməsi özümüzə lazımdır ki, komandamız inkişaf etsin. Hansısa turniri özümüzdə qəbul etsək, bunun üçün arena tikilməyinə ehtiyac yoxdur. Müasir idman qurğularımız, mərkəzlərimiz var ki, orada keçirə bilərik. Turnirə gəlincə, Avropa Minifutbol Federasiyası ilə danışıqlar gedir. Ola bilər ki, 2025-ci il və ya növbəti turniri ölkəmizdə keçirilə bilər”.

Fəxri prezident Azərbaycan kubokunun keçirilməsi barədə hələ düşünmədikləri qeyd edib: “Hələlik onu fikirləşmirik. Tam fikrimizi çempionata yönəltmişik. Əminik ki, gələcəkdə maraq daha çox olandan sonra bunu da nəzərdən keçirə bilərik”.
 

writer photo
Əlirza Əlirzalı
0