Felipe Santos: “Qarabağ”a qarşı bunu etmək fikrimiz var” - MÜSAHİBƏ
01.12.2022 - 11:04
Felipe Santos: “Qarabağ”a qarşı bunu etmək fikrimiz var” - MÜSAHİBƏ

“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Felipe Santosun apasport.az saytına müsahibəsi 

- "Qəbələ" Premyer Liqanın XV turunda turnir cədvəlinin son pilləsində qərarlaşan "Sumqayıt"la bərabərə qaldı. Bu komandaya səfərdə qalib gələ bilməməyinizi nə ilə əlaqələndirirsən? 
- Çempionatdakı bütün oyunlar çətin keçir. “Sumqayıt”la oyunda bəzi vacib oyunçularımızın xidmətindən istifadə edə bilmirdim. Cəzalı və zədəli futbolçularımız vardı. Buna baxmayaraq, matçda hesabı açdıq, hətta üstünlük də bizdə idi. Lakin rəqib futbolçunun əla zərbəsindən sonra hesab bərabərləşdi. Fikrimcə, qələbəyə layiq olan tərəf biz idik. 

- "Qəbələ" hazırda turnir cədvəlində 5-ci pillədədir, avrokuboklara vəsiqə verən zonada deyilsiniz. Necə düşünürsən, ilk "dördlük"də ola biləcəksiniz, yoxsa, bu çətin olacaq?
- Həmişə demişəm, indi də fikrimdə qalıram, bu, yalnız bizdən asılı olan məsələdir. Biz ev oyunlarımızda qalib gəlib, səfər görüşlərindən heç olmasa, bir xalla ayrılmalıyıq. Avrokuboklara bu yolla vəsiqə qazanmaq mümkündür. Bu isə bizim əsas məqsədimizdir.

- Növbəti turda rəqibiniz "Səbail" olacaq. Onları məğlub etməyiniz nə dərəcədə realdır?
- Bu oyuna yaxşı konsentrasiya olmalıyıq. Çünki bu, futbolda önəmli faktorlardan biridir. Qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Necə alınacağını isə oyun göstərəcək. 

- "Səbail"lə oyundan sonra növbəti üç görüşünüz heç də asan olmayacaq. Hər halda, ardıcıl üç görüşdə “Qarabağ”la qarşılaşacaqsınız. Bunu sizin üçün ağır qrafik adlandırmaq olar?
- Liqada və kubok oyunlarında eyni rəqiblə necə düşmək olduğunu başa düşmürəm. Ardıcıl üç görüşümüz “Qarabağ”a qarşıdır. Təbii ki, çətin oyunlar olacaq. İstənilən halda, “Qarabağ” oyunların favoritidir. Amma biz də, öz dəyərimizi göstərmək istəyirik. Hər üç matçda da ən yaxşısını etməyə çalışacağıq.

- "Qarabağ"ı ölkə kubokunda məğlub etməyinizə nə mane ola bilər?
- Özümüzə inanmalıyıq. Bu kimi oyunlar çox olduqda, komandalar qarşısındakı rəqibin necə oynayacağını çox yaxşı bilir. Ona görə də rəqib ətraflı şəkildə analiz ediləcək.

- “Qarabağ” son iki turda xal itkisi yaşayıb. "Sabah" və "Zirə" ilə 0:0 oynadılar. Səncə, “Qarabağ”da yorğunluluq var? 
- “Qarabağ”ın yorulduğu barədə düşünə bilmərik. Çünki onların çox bacarıqlı, səviyyəli heyəti var. Qalib gələ bilməyiblərsə, demək ki, çətinliklə üzləşiblər. Bizim də bunu etmək fikrimiz var. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

- Qəbələ şəhərini təmsil etsəz də, komanda üzvləri orada deyil, Bakıda yaşayır. Orada qalmağı heç planlaşdırmırsan, yoxsa sıxıcı gəlir?
- Bütün futbolçular Bakıda qalmağa üstünlük verirlər. Çünki paytaxt olduğuna görə, bu şəhərdə yaşamaq da, həyat da həyat da asandır.

- Braziliya millisi dünya çempionatında iki qələbə qazanmaqla artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Serbiya və İsveçrə üzərində qazanılan qələbələri necə şərh edərdin? Braziliya millisi gözlədiyin kimi güclüdür?
- Braziliya millisinin Avropanın iki təmsilçisi ilə görüşdə necə rahat oynadığını hamı gördü. Onların qapısına heç zərbə də getməyib. Nə Serbiya, nədə İsveçrə bunu edə bildi. Bu, Braziliya millisinin gücündən xəbər verir. Həm də, onlar dünya çempionatına çox yaxşı hazırlaşıb.  

- Neymarın zədəsi var və onun növbəti matçlarda oynaması sual altındadır. Səncə, Braziliya dünya çempionu ola biləcək?
- Braziliya millisi dünya çempionatının əsas favoritidir. Bu, yəqin ki, hamı üçün belədir. Neymarlı və ya Neymarsız Braziliya böyük favorit olaraq qalır. Dünya çempionu da olacaq gücdədirlər.
 

writer photo
Əlirza Əlirzalı
0