Fərid Qayıbov: “Bu günü də görəcəyik”
07.03.2023 - 11:16
Fərid Qayıbov: “Bu günü də görəcəyik”

“Ölkəmizdə idman dövlət siyasətidir. Ölkə başçısının idmana, futbola sevgisini bilirik, hiss edirik. Bundan futbolçular və idmançılar da xəbərdardır”. 

Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib. 

O, AFFA-nın növbəti Konfransında iştirak edib. Nazir çıxışı zamanı Azərbaycan futbolu üçün 2022-ci ili dəyərləndirib. 

Qayıbov AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun FİFA-da vəzifə almasına da toxunub: “Nəticələrimiz var - idmanda da, futbolda da. AFFA-nın keçmiş baş katibi artıq FİFA-da çalışır. Bu, böyük nailiyyətdir. İstəyərdim ki, Sərxan müəllim və ya digərləri vitse-prezident vəzifələrinə də seçilsin. Bu günü də biz görəcəyik”. 

Nazir “Qarabağ”ın avrokubokladakı çıxışından da danışıb: “Ağdam klubunu avrokubokdakı nəticələrinə görə təbrik edirəm. Güclü Avropa klubları ilə oynayırıq”. 

Qayıbov nazirliyin AFFA-ya və futbola dəstək olmaq istəyini də vurğulayıb: “Bərabər çalışmalıyıq. Klubların sayı da artıb. İnanıram ki, bu istiqamətdə işlər gedəcək və çempionatda iştirakçıların sayı daha da artacaq. Yeni stadionlar tikilib. Amma yenə də bu istiqamətdə işlər görməyimiz lazımdır. Bu il Heydər Əliyev ilidir. Heydər Əliyev xatirəsinə həsr olunmuş dövlət qurumları arasında turnir keçirildi. Çox maraqla qarşılandı”. 

writer photo
Əlirza Əlirzalı
0