Fərid Qayıbov: "Çox uğurlu iş alınıb"
16.06.2023 - 22:18
Fərid Qayıbov: "Çox uğurlu iş alınıb"

"Dövlətimizin başçısı İlham Əliyevin idmanla bağlı bir neçə tapşırıq verib. Bunlardan biri də vahid idman formasının olması idi".

Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov 2023-cü il üçün Azərbaycan milli komandalarının vahid idman geyim formasının təqdimat mərasimində jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, vahid formanın üzərində 1 ildən artıq çalışıblar: "Müxtəlif tanınmış brendlərlə işləmək fikrimiz var idi. Amma alınmadı. Sonda öz brendimiz haqqında düşündük və bizə Mənzər Hacıyeva kömək etdi. Onunla daha əvvəl də bir layihə üzərində çalışmışdıq. Düşünürəm ki, çox uğurlu iş alınıb. Artıq idmançılarımızın gözəl və ən əsası keyfiyyətli idman geyimi var. Bütün federasiyalara, olimpiya növləri üzrə milli komandalara paylanacaq. Birinci mərhələ üçün 200 ədəd gəlib. Gəmi ilə gəldiyi üçün digərlərini gözləməli olacağıq. Bütün idmançılarımız bu formalarla təmin ediləcək".

Qayıbovun sözlərinə görə, formaların hazırlanmasında Belçika şirkəti bizə dəstək olub: "Formalar dünyanın müxtəlif fabriklərində tikilib. Həmin şirkət peşəkardır və hansı geyimin harada daha keyfiyyətli hazırlandığını bilir. Onlarla əməkdaşlıqdan razıyıq. Geyimlərin rahat olması hamının xoşuna gəlir. Bir az fərqli idman formasıdır. Bu işdə məşqçilərin, idmançıların da məsləhətlərini almışıq".

Qeyd edək ki, formaların təqdimatı Milli Gimnastika Arenasında olub. 

writer photo
Əlirza Əlirzalı
0