Bu il "Gənclər Paytaxtı" seçilən Lənkəranda 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.
Apasport.az-ın bölgəyə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbir iştirakçıları öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Daha sonra isə gənclər və idman naziri Fərid Qayıbov Lənkəran Dövlət Universitetində tələbələrlə görüşüb.
F. Qayıbov tələbələrlə görüşündə bildirib ki, Lənkəranın "Gənclər Paytaxtı" seçilməsi ilə əlaqədar geniş tədbirlər planı hazırlanıb. O, bu baxımdan gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: "Gənclərdən mühüm layihələr gözləyirik. Burada bir çox təqdimat mərasimləri keçiriləcək. Sizlər çox aktiv olmalı, növbəti Gənclər Paytaxtı üçün nümunə olacaq işlər görməlisiniz".
Sonda nazir fəallığı ilə fərqlənən tələbələri “İlin gənci” mükafatı ilə təltif edib.
Qeyd edək ki, Fərid Qayıbovla yanaşı, gənclər və idman idarələrinin rəhbərləri, QHT nümayəndələri, könüllülər, Lənkəranın fəal gəncləri də tədbirdə iştirak ediblər.