Franko Foda: “Bəxtimiz gətirsəydi, qalib gələrdik”
28.07.2022 - 09:00
Franko Foda: “Bəxtimiz gətirsəydi, qalib gələrdik”

“Doğma azarkeşlərimz önündə oyunu çevirməyi bacardıq. Hətta hesab 2:1 olduqdan sonra əlavə vaxtda da üstünlük bizim tərəfimizdə idi. Amma irəli çıxarkən sadə top itkisi nəticəsində əks-hücumdan qol buraxdıq. Bu, yolverilməz səhvdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Sürix”in baş məşqçisi Franko Foda Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la heç-heçə (2:2) etdikləri cavab oyunu barədə danışarkən deyib.

56 yaşlı almaniyalı mütəxəssis müdafiədəki səhvlər ucbatından mərhələ adlaya bilmədiklərini düşünür: “Oyunçulara xüsusi olaraq deyirdim ki, meydanın özümüzə aid hissəsində top itkisi sürətli-əks hücuma yol açır, bu vəziyyətlərdə diqqətli olmalıyıq. Bu baxımdan özümüzü düzgün idarə etmədik, pis müdafiə olunduq. Hər oyunda kiçik amillər uğurumuza mane olur. Bu dəfə də belə oldu. Bu qədər asan qol buraxmamalısan. Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik".

Qeyd edək ki, Bakıdakı ilk matçda 3:2 hesablı qələbə qazanan “Qarabağ” III mərhələyə adlayıbsa, “Sürix” mübarizəni Avropa Liqasında davam etdirəcək.

writer photo
Əlirza Əlirzalı
0