“Frayburq”un baş məşqçisi: “Yüz faizimizi verəcəyik ki, qələbə qazanaq”
02.11.2022 - 11:47
“Frayburq”un baş məşqçisi: “Yüz faizimizi verəcəyik ki, qələbə qazanaq”

“Heyətlə bağlı hələ heç nə demək istəmirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Frayburq”un baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

57 yaşlı almaniyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Heyətdə bəzi dəyişikliklər edə bilərik. Amma bu barədə danışmaq üçün hələ tezdir. Bəzi itkilərimiz də var. Manuel Quldo, Conatan Şmidt kimi oyunçular Bakıya getməyəcək”.

- Özünüz start heyətini müəyyənləşdirmisiniz?
- Start heyətində kimlərin olacağını bilirəm. 27 futbolçumuzun hamısı yaxşıdır, hazırdır. Kimin oynaması yox, yaxşı çıxış etmək önəmlidir. Hamımız bir yerdə gedəcəyik. Azərbaycanda yüz faizimizi verəcəyik ki, qələbə qazanaq. Bizim üçün bu, böyük təcrübədir. İlk olaraq “Qarabağ”la oyunu düşünürük, ondan sonra “Köln”lə matça köklənəcəyik.

- “Qarabağ” haqda nə deyə bilərsiniz?
- “Qarabağ” çox yaxşı komandadır. 2008-ci ildən Qurban Qurbanov orada baş məşqçidir. Bu da çox böyük üstünlükdür. Onların güclü hücumçuları var, diqqət yetirmək lazımdır. “Qarabağ”ın oyununa baxmaq adama həzz verir. Bunu Frayburqda gördük. Yaxşı ki, evdə 2:1 hesablı qələbə qazandıq. Həmin qalibiyyət növbəti görüşlər üçün çox yaxşı idi.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” oyunu saat 21:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0