Giorgi Kantariya: “Qarabağ”la heç-heçə xeyrimizə işləyəcək” - MÜSAHİBƏ
07.02.2023 - 16:32
Giorgi Kantariya: “Qarabağ”la heç-heçə xeyrimizə işləyəcək” - MÜSAHİBƏ

“Kəpəz”in yarımmüdafiəçisi Giorgi Kantariyanın apasport.az saytına müsahibəsi

- “Kəpəz” Premyer Liqanın hesabat turunda Qarabağ”la görüşdə bir xal qazandı. Matçla bağlı düşüncən necədir?
- Çox maraqlı və ağır oyun alındı. Çünki "Qarabağ" olduqca güclü komandadır. Ona görə də, biz meydanın hər qarışı, hər top uğrunda mübarizə aparmalı idik. Görüşdə maksimum gücümüzü qoyduq. “Qarabağ” kimi güclü rəqibə qarşı oyunda gərək 90 dəqiqə konsentrasiyan yüksək səviyyədə olsun. Motivasiya sarıdan da problem yox idi. Çünki bu cür rəqiblə görüşdə motivasiya onsuz da yüksək olur. “Qarabağ”la görüşdə bir xala layiq idik.

- Bu komanda vahid liderdir. Onlardan “qopardığınız” bir xal sizin üçün yaxşı motivasiya olacaq?
- İstənilən rəqiblə görüşdə öz oyunumuzu oynamağa çalışırıq. Məncə, oyun sarıdan heç bir komandadan geri qalmırıq. Hazırda qərarlaşdığımız yerdə də olmamalıyıq. Bu cür oyunlardan sonra komanda inkişaf edir və məncə, bu cür matçlar bizə böyük inam qazandıracaq. Nümayiş etdirdiyimiz oyunla qələbələr qazana bilərdik. Təəssüflər olsun ki, buraxdığımız səhvlərə görə xalları əldən veririk. “Qarabağ”la matçdakı heç-heç xeyrimizə işləyəcək.

- Mövsümün ilk yarısında ev oyununuzu Qəbələdə keçirmişdiz və 0:1 uduzmuşdunuz. Həmin oyunla budəfəki ev oyunu arasında fərq var?
- İlk dövrədə biz onlarla Qəbələdə qarşılaşmışdıq. Bu, tamam başqa oyun idi. Həmin görüşdə sadəcə qapımızın önündə oturmuşduq və yalnız qol buraxmamaq haqda düşünürdük. Amma bu dəfə “Qarabağ”a qarşı bərabər səviyyədə futbol oynadıq. Həm biz, həm də onlar hücumlar edirdi, qol epizodları yaradırdı. Hər iki komandanın ifasında yaxşı futbol gördük. 

- Çoxları düşünür ki, “Kəpəz” çempionatda yaxşı futbol oynayan 3-4 komandadan biridir. Bəs səncə, niyə komanda aşağı pillədədir?
- Tərlan Əhmədovun gəlişindən sonra bizdə çox şey dəyişdi. O, bizdən yaxşı futbol oynamağı tələb edir, özü də bizə çox inanır. Yaxşı da futbol oynayırıq. Hər şeyi edirik ki, yaxşı mübarizənin davamını gətirək və nəticə olsun. Çünki oyun ərzində qol epizodlarımız çox olur, amma əksəriyyətini boşa veririk. Məncə, bu cür oyunlar üçün təcrübəmiz çatmır. Necə ki, biz bir çox görüşdə qalib gəlməyə yaxın olurduq, amma son dəqiqələrdə səhvlərimizə görə qollar buraxırdıq. Ya səhvlərə yol veririk, ya da konsentrasiyanı itiririk. Bunları da düzəltməyə çalışırıq.

- Bir neçə futbolçunuz getdi, yeniləri gəldi. Qışa qədərki “Kəpəz” güclüdür, yoxsa indiki?
- Hər şeyi zaman və oyunlar göstərəcək.

- Növbəti turda qərb derbisi oynanılacaq. “Turan Tovuz”la qarşılaşacaqsınız. Bu görüş barədə fikrin necədir?
- Tovuzda çox ağır olacaq. Oyuna yaxşı hazırlaşırıq. Hər şeyi edəcəyik ki, “Turan Tovuz”la matçda qələbə qazanaq və turnir cədvəlində yuxarıya qalxaq. Üç xal bizim üçün çox vacibdir. Çox maraqlı görüş olacaq.

- Qışa qədər komandada üç gürcü var idisə, onlardan biri – Mixeil Erqemlidze Şimali Makedoniyaya yollandı. Onun haqda nə düşünürsən?
- Məncə, onda alınacaq. Çünki onun karyerası hələ qarşıdadır. Gəncdir. 

writer photo
Əlirza Əlirzalı
0