Region Liqasında hava şəraitinə görə bir çox qarşılaşma təxirə salınıb.
Apasport.az xəbər verir ki, buna baxmayaraq, Şimal-Qərb və Qərb zonasında 4 oyundan 3-ü keçirildi. Onlardan ən maraqlısı Qazaxda baş tutdu. "Göyəzən" - "Qarxun" qarşıdurması meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatdı. Bununla "dağlılar" ardıcıl 3-cü qələbələrini qazanmaqla turnir cədvəlində vahid liderliyini bir qədər də möhkəmləndirdi.
"Göyəzən"in baş məşqçisi Elxan Muradovla son nəticələrlə bağlı söhbət etdik.
- 3 oyundur, maksimum nəticə göstərməklə qrupunuzda vahid liderlik edirsiz, bu uğurun səbəbi nədir?
- Bunu uğur adalandırmazdım. Komandamda çatışmazlıqlar yetəri qədərdi. 2-ci turda doğma meydanda "Goranboy Qala"ya məğlub olduqdan sonra da bildirmişdim ki, məşq keçmədən oyunlara çıxırıq. Bunun səbəblərini də demişdim. Şəraitimiz yoxdur. Hazırda da məşq keçmədən turları yola veririk. Hazırda əsas çatışmazlığımız fiziki hazırlıqla bağlıdı. Oyunçularımın əksəriyyəti 90 dəqiqə oynaya bilmir. Əzələlərini dartanlar çox olur. Əzələ dartınmasının da bərpası ən azı 10 gün çəkir. Biz isə 1 həftədən bir oyuna çıxırıq. Oyunçularımın çoxu ən yaxşı halda 20-30 dəqiqə meydanda normal oyun sərgiləyə bilirlər. Qrupumuzda yer alan rəqiblərimiz, o cümlədən son oyunda məğlub etdiyimiz "Qarxun"un futbolçuları da bizdən fiziki cəhətdən üstündürlər. Yevlaxlılarla oyun kəskin soyuq hava şəraitində keçdi, həmçinin komandanın lideri Arzuman Vəliyevi itirdik. O bizim üçün vacib oyunçudu. Çalışacağıq, növbəti oyuna kimi həm onu, həm də digər əzələlərini dartan futbolçularımızı sıraya döndərək.
- Bəs qələbələrinizi nəyin sayəsində qazanırsız?
- Qələbələrə qazanmağımızın 2 səbəbi var. Heyətimizdə təcrübəli oyunçuların yer alması və 5 əvəzetmənin mövcudluğu. Məhz bu 2 komponent nəticəsində 3 xal qazana bilirik. Odur ki, fiziki hazırlığımızı artırmağa çalışacağıq.
- Cari mövsümdə yalnız Goranboy təmsilçisinə məğlub olmusuz. Qalan bütün matçlarda 2 top fərqliylə qalib gəlmisiz. 2:0 hesablı qələbələr təsadüfi alınır yoxsa burda nəsə bir sirr var?
- Futbolda həmişə sürpriz nəticələr olur. Bizim üçün də çox maraqlıdı bütün qələbələrimiz niyə eyni hesabla qazanmışıq. Fiziki hazırlığımızdan narazı qalsam da, hücumda komandamın çıxışından razıyam. Arxadan qoyduğumuz 5 turun hər birində hücumda kreativliyimiz var. Oyunlarda qol imkanlarımız çox olur, sadəcə son nöqtəni qoya bilmirik. Elə doğma meydanda "Goranboy Qala"ya məğlub olduğumuz oyunda yetəri qədər qol fürsətlərimizi boşa verdik. "VT Gəncə"ylə səfər qarşılaşmalarımızda beş 100%-li qol imkanından 2-ni gerçəkləşdirə bildik. Halbu ki, faydalı iş əmsalımızı tam reallaşdırsaq, hesab 0:5 olmalıydı. Yevlax təmsilçisiylə matçımızda hesab 4:0 və ya 4:1 bitməliydi. Həmin görüşdə də 2 qol imkanımızı qaçırdıq. "Qarxun" isə qapımız qarşısına qarşı hücumların birində top dirəkdən qayıtdı. Daha çox qol vurmaqda maraqlıyıq. Amma hələlik son nöqtədədə 2-dən çox sevinə bilmirik.
- 3 qələbədən sonra gözləntilər çoxalıb?
- Qarşımıza konkret 1-ci yeri tutmaq məqsədi qoyulmayıb. İlk "3-lük"də yer almaq əsas hədəfimizdi. Zatən ilk 3 yerlərdən birini tutsaq, qrupdan çıxmış oluruq. Amma nə qədər çox qələbə qazanırıqsa, bu özünə inamı artırır. İstənilən qələbə xoşdu. Əlbəttə, hər bir baş məşqçi lider kimi qalibiyyətlər əldə etmək istəyər. Mən və bütün "Göyəzən" camiyəsi də qrupdan lider komanda kimi çıxmaq istəyərik. Hazırda qrupumuzda elə vəziyyətdi ki, 1 qələbə turnir cədvəlində yerləri dəyişir. Ona görə arxayınlaşmamalıyıq. Qarşıda hələ çox oyunlar var.
- Komandanın təsisçisi Rəhman Salmanov hazırda səhətiylə bağlı müalicə alır və komandanın oyunlarına gələ bilmir. Qazax futbolunun canlı əfsanəsinin sizinlə birgə olmaması "Göyəzən"in oyunlarına təsir edirmi?
- Rəhman müəllimin hazırda səhətindəki problemlər hamımızı narahat edir. Onun oyunlarımızda olmaması əlbəttə ki, təsir edir. Bu vaxta qədər "Göyəzən"in harda oynamasından asılı olmayaraq komandanı Rəhman müəllimsiz təsəvvür etmək olmazdı. O, bütün matçlarımızın avanqardı və ruh yüksəkliyimiz üçün əsas mənbəyidir. Xəstə olmasına rəğmən hər oyun öncəsi və matç sonrası Rəhman müəllimlə əlaqə saxlayır, məsləhətlərini alırıq. Hər qarşılaşmaya çıxanda yaxşı nəticə qazanıb bunu Rəhman müəllimə həsr edirik. İnanmaq istəyirik ki, növbəti oyunlarımıza, əsas 7-ci turda doğma meydandan "Ağstafa Gəncləri"ylə matçımıza rayon futbolumuzun canlı əfsanəsi də gələcək. Rəhman müəllimə Allahdan şəfa arzulayır və tezliklə ayağa qalxmasını gözləyirik. Ona çox ehtiyacımız var.
Abdulla İsmayıloğlu