Bu gün Bakı Su İdmanı Sarayında güc idman növləri üzrə Azərbaycan kubokuna start verilib.
Apasport.az saytı xəbər verir ki, Azərbaycan Stronqmen Federasiyasının (ASF) təşkilatçılığı ilə keçirilən turnirdə idmançılar “strict curl” və “streetlifting” üzrə yarışlarda güclərini sınayacaqlar.
Yarışın ilk günündə “strict curl” üzrə idmançılar medallar uğrunda mübarizə aparırlar.
Gənclər, böyüklər və veteranlar kateqoriyasi üzrə təşkil olunan yarışda Bakı ilə yanaşı, Gəncə, Qəbələ, Tovuz, Mingəçevir, Yevlax, Şəki və digər bölgələrdən 100-dən artıq idmançı iştirak edir. Yarışda müxtəlif kateqoriyalar üzrə respublika və şəxsi rekordlar müəyyənləşib.
Yarışın baş hakimi pauerliftinq üzrə üçqat Avropa və dünya çempionu, idman ustası, ASF-in nəzdində “Strict curl Azərbaycan” bölməsinin rəhbəri Camal Əhmədzadə, baş katib isə federasiyanın prezidenti Bəxtiyar Quliyevdir.
Yarış noyabrda Qırğızıstanda keçiriləcək dünya kubokuna təsnifat xarakteri daşıyır.
Ölkə kubokuna sabah “streetlifting” üzrə yarışla yekun vurulacaq.