ABŞ-ın Ayova ştatının Koralvill şəhərində sərbəst və qadın güləşi üzrə Dünya Kuboku keçirilib.
Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, sərbəst güləş üzrə yarışda dünya yığmasının tərkibində yer alan Osman Nurmaqomedov (92 kq) uğurlu çıxış edib.
Milli üzvü B qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlib - 10:0. Təmsilçimiz iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyi isə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub edib. Yaponiyaya (9:1) qalib gəlib, İrana (4:6) uduzan Dünya yığması B qrupunda 2-ci yeri tutub və bürünc medal uğrunda Gürcüstanla qarşılaşıb. 8:2 hesablı qələbədə Nurmaqomedovun da payı olub. Osman Miriani Maysuradzeni 3:0 hesabıyla üstələyib.
Beləliklə, yığma üzvü Dünya Kubokunda bürünc medal qazanıb.
Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə aldığı üçün yarışdan erkən çəkilmək məcburiyyətində qalıb.
Qeyd edək ki, sərbəst güləşdə ABŞ, qadın güləşində isə Ukrayna Dünya Kubokuna sahib olub.