Hacı Əliyev dördqat Avropa çempionu oldu - YENİLƏNİB
18.04.2023 - 23:07
Hacı Əliyev dördqat Avropa çempionu oldu - YENİLƏNİB

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş millisi günü 2 qızıl və 1 gümüş medalla başa vurub.

Apasport.az-ın xəbərinə görə, günün son görüşünə Məhəmmədxan Məhəmmədov çıxıb.

Ötən ilin Avropa çempionu olmuş Dağıstan əsilli güləşçimiz bu dəfə eyni uğuru finalda təkrarlaya bilməyib. Milliləşdirilən güləşçi 97 kq çəki dərəcəsində gürcüstanlı Qivi Matçaraşvili ilə görüşdə son saniyələrdə üstünlüyü əldən verərək, 3:4 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.

22:07

Sərbəst güləşçimiz Səbuhi Əmiraslanov (79 kq) zədələnib.

Apasport.az-ın məlumatına görə, gənc güləşçimiz bu səbəbdən bürünc medal uğrunda serbiyalı Qetik Çabolovla görüşə çıxa bilməyib.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisi hazırda 2 qızıl medalla Avropa çempionatında turnir cədvəlinə başçılıq edir.

21:44

Sərbəst güləşçimiz Hacı Əliyev 4-cü dəfə Avropa çempionu olub.

Apasport.az-ın məlumatına görə, 3 gün sonra 32 yaşı tamam olacaq Hacı finalda Bolqarıstanı təmsil edən Dağıstan əsilli Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla da Hacı Əliyev 4-cü dəfə Avropa çempionu olan ilk sərbəst güləşçimiz olub. O daha əvvəl 2014-cü ildə 61 kq, 2018 və 2019-cu ildə isə 65 kq-da qitənin ən güclüsü adını qazanmışdı.

20:36

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal qazanmaq şansını əldən verib.

Apasport.az-ın məlumatına görə, o, 65 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə 2020-ci ilin Avropa 3-cüsü olmuş erməni əsilli Ukrayna təmsilçisi Erik Aruşanyana ciddi müqavimət göstərsə də, sonda 6:7 hesabı ilə məğlub olub.

Xatırladaq ki, idmançımız daha əvvəl dünən 1/4 finalda Vazqen Tevanyana (Ermənistan) 1:4 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə 57 kq çəkidə Avropa çempionu olub.

20:55

Əliabbas Rzazadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatının qalibi olub.

Apasport.az-ın məlumatına görə, Əliabbas 57 kq çəki dərəcəsində türkiyəli Süleyman Atlıya 10:2 qalib gəlməklə bu yarışın Avropa çempionu olan ilk azərbaycanlı idmançısı adını qazanıb.

Xatırladaq ki, o, ötən Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş analoji yarışda finalda uduzaraq gümüş medalla kifayətlənmişdi.

17:06

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.

İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində ukraynalı Taras Markoviçə uduzub – 4:5.

Cəbrayıl Hacıyev (74 kq) təsnifat mərhələsində avstriyalı Simon Markl üzərində inamlı qələbə qazanıb – 6:1. Yığma üzvü 1/8 finalda olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Frank Çamizoya (İtaliya) məğlub olub – 4:9. Rəqib finala yüksəldiyi üçün Hacıyev təsəlliverici görüşdə türkiyəli Soner Dəmirtaşla qarşılaşacaq.

Əbubəkr Abakarov (86 kq) 1/8 finalda türkiyəli Fatih Erdinə qalib gəlib – 7:5. O, 1/4 finalda Avropa çempionu Dauren Kuruqliyevə (Yunanıstan) məğlub olub – 0:9. Rəqib finala yüksəldiyi üçün Abakarov təsəlliverici görüşə çıxacaq. Rəqib Patrik Pueşpoeki (Macarıstan) – İvar Samusonok (Latviya) qarşılaşmasının qalibi olacaq.

Osman Nurməhəmmədov (92 kq) mübarizəyə 1/4 finaldan qoşulub və israilli Filip Finesilverə tam üstünlüklə qalib gəlib – 10:0. Nurməhəmmədov yarımfinalda slovakiyalı Ermak Kardanov üzərində də inamlı qələbə (6:0) qazanaraq adını finala yazdırıb. Osman həlledici görüşdə türkiyəli Feyzullah Aktürklə qarşılaşacaq.

Georgi Meşvildişvili (125 kq) ilk mərhələdə almaniyalı Gennadi Kudinoviçi "tuş"la üstələyib. Təmsilçimiz 1/4 finalda türkiyəli olimpiya, dünya və Avropa çempionu Taha Akgüllə bacarmayıb – 1:3. Titullu rəqib finaladək irəliləyib. Meşvildişvili bürünc medal uğrunda italiyalı Abraham Konyedo ilə güləşəcək.

writer photo
Əlirza Əlirzalı
0