“Çox zövqverici oyun alındı. Belə tribunalar önündə oynamaq futbolçularım üçün zövqdür”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
42 yaşlı mütəxəssis Misli Premyer Liqasının I turunun “Turan Tovuz”la matçından sonra mətbuat konfransına qatılıb. Baxşıyev səfər görüşü barədə fikirlərini bölüşüb: “Turan” Azərbaycan futboluna gözəllik gətirən komandalardan biridir. Tovuz təmsilçisinə uğurlar arzulayıram. Fərqli hissələr oynadıq. İlk yarıda topa daha çox nəzarət etməyi düşündük. İkinci hissədə hücumları artıraraq istədiyimiz nəticəyə nail olduq. Ramon Maçado komandaya 3-4 gün əvvəl qoşulduğu üçün tam hazır olması mümkün deyildi. 50-60 faiz hazır olsa da, kollektivi daha çox hiss etməsi üçün meydana buraxdıq. Rauf Rüstəmli akademiyamızın yetirməsidir. Gələcək vəd edən oyunçudur. Sarı vərəqə alması emosiya, istəkli olması ilə bağlıdır. Hər bir komanda burada oynamaqdan zövq alacaq. Mən qarışıq bütün komanda belə tribuna qarşısında oynamağa can atırdıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda stadionlarda daha çox azarkeş olacaq”.”
Qeyd edək ki, Tovuz şəhər stadionundakı matçda qonaqlar 2:0 hesablı qələbə qazanıb.