“Uzun fasilədən sonra millinin toplanışına dəvət aldım. Hazırlıq prosesi maraqlı keçir”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Fərid Atakişiyev deyib.
DÇ-2024-ün elit-raundu mərhələsində dekabrın 15-də Bakıda Rumıniya, 5 gün sonra səfərdə Niderland yığması ilə qarşılaşacaq yığmamızın təlim-məşq toplanışında iştirak edən oyunçu azfutzal.az-a açıqlama verib: “Əlbəttə, millinin düşərgəsində olmaq fəxrdir. Bu hissləri yenidən yaşamağıma şərait yaradan baş məşqçiyə təşəkkür edirəm.
Qarşıda komandamızı maraqlı, həm də ağır oyunlar gözləyir. Təcrübəli futzalçı kimi, komandamıza bacardığım qədər kömək edəcəm. Növbəti mərhələyə yüksəlmək üçün şansımız var, amma hər xal uğrunda gərgin mübarizə gedəcək”.
Fərid rəqiblər haqda fikirlərini də bölüşüb: “Rumıniya və Niderland milliləri yüksəlişdədir. Çalışacağıq doğma meydan amilindən istifadə edək. Daha sonra səfərdə keçirəcəyimiz Niderlandla görüş haqda fikirləşmək olar”.