"Meydançaların qıtlığı klub sayının artmasına imkan vermir. Məncə, doğru qərardır."
Azərbaycanlı futbol mütəxəssisi Hüseyn Məhəmmədov Apasport.az saytına müsahibə verib.
- Azərbaycan Premyer Liqasında komanda sayının artırılacağı gözlənilsə də, AFFA İcraiyyə Komitəsi başqa cür qərar verdi. Ümumiyyətlə, yeni mövsümdən komanda sayının artırılacağını düşünürdün?
- Bəli, Premyer Liqada komanda sayının artırılacağı ilə bağlı söz-söhbətlər var idi, eşidirdik. Məncə, klub sayının 10 olması, klubların şəraitindən asılıdır. Klubların meydançası, şəraiti yaxşı səviyyədə olmalıdır. Vacib olan məsələlə budur. Bunların olmaması komanda sayının artmasına da mane olur. Mən düşünürdüm ki, elə 10 komanda qalacaq. Axı klubun bazası, şəraiti olmalıdır. Əlavə bir komandanın artırılması daha çox çətinlik yaradardır. Elə klublarımız var ki...
- Yəqin ki, Premyer Liqada yer alan və öz stadionunda çıxış etməyən komandaları deyirsiz?
- “Kəpəz”in özünün stadionunda təmir gedir, fərqli meydançalarda oynayırlar. “Araz-Naxçıvan”ın özü də, həmçinin. Bu dəqiqə belə durumda başqa komandanın gəlməsi də çətinlik yaradardı. Bütün bunları nəzərə alaraq, yeni mövsüm Premyer Liqada komanda sayının artırılmayacağını ehtimal edirdim. Bu şəraitdə daha bir komandanın yüksək liqaya gəlməsi oyunların keçirilməsində problem yaradarddı. Meydançaların qıtlığı klub sayının artmasına imkan vermir. Məncə, doğru qərardır. Tam şəraitli klublar olsa, niyə də artırılmasın? Olmadığı üçün kritik vəziyyət yaranır.
- Bəs, “Qəbələ”nin Premyer Liqada saxlanılmaması, yeni sezondan birinci liqada mübarizə aparacağının təsdiqlənməsinə münasibətiniz necədir?
- Düzünü deyim, AFFA-nın “Qəbələ”ni Premyer Liqada saxlayacağını gözləmirdim. Çünki federasiya qərarını vermişdi, bu prinsiplərə də uyğun hərəkət edəcəkdi. Bir komanda liqanı tərk edəcəkdi, biri də gələcəkdi. İstər “Qəbələ”, istərsə də digər klub da olsaydı, Premyer Liqanı tərk etməli idi. İdman prinsipləri qorunmalıdır. Qərarlara riayət olundu. Bütün dünyada bu prinsiplərə əməl olunur, sonuncu yeri hansı komanda tutubsa, yüksək liqanı tərk edir. “Yuventus” kimi komandanı vaxtı ilə aşağı liqaya göndərdilər. Bir klubun şəraiti, ad-sanı varsa, o demək deyil ki, yüksək liqada qalmalıdır. Futbolun qanunu belədir. Düzgün qərardır. Gözlədiyim də o idi ki, “Qəbələ” Premyer Liqanı tərk edəcək.
- “Qəbələ”nin Premyer Liqadan düşməsinin Azərbaycan futbolu üçün mənfi hal olduğunu düşünənlər də var. Bəs, sizcə də belədir?
- Mən belə düşünmürəm. Üstəlik, bu düzgün yanaşma da deyil. Qanun-qayda necədirsə, elə də olmalıdır. Fərqi yoxdur, “Qəbələ”dir ya, başqası. “Qəbələ” Birinci Liqada iddialı olsa, yenidən Premyer Liqaya qayıtmaq istəyəcək. Bunu edə də bilər, niyə də olmasın? Amma məncə, heç bir təsiri olmayacaq. Fikrimcə, çempionatda hər bir komanda məsuliyyətli olacaq. Çalışacaq ki, Premyer Liqada qalsın. “Qəbələ”nin özü üçün də təcrübədir. Onlar da Premyer Liqaya qayıtdıqdan sonra çalışacaqlar ki, öz yerlərini qorusunlar. Hər bir komanda üçün ən azından nümunədir. Bunu başa düşməli və anlamalıyıq.
- Necə düşünürsüz, Birinci Liqada elə komanda var ki, Premyer Liqada oynayacaq səviyyədədir?
- Birinci Liqada “İmişli”, “Şamaxı”, “Qaradağ-Lökbatan” kimi iddialılar var. Onlar Premyer Liqaya gəlməyə çalışırlar. Bir neçə komanda da olacaq ki, birinci liqada Premyer Liqa üçün mübarizə aparacaqlar. Zaman lazımdır, gözləməliyik. Gələn sezon birinci liqanın hansı formada olacağını görəcəyik.