Hüseyn Məhəmmədov: “Mərhələ adlamaq üçün əlverişli imkandır”
05.07.2023 - 14:01
Hüseyn Məhəmmədov: “Mərhələ adlamaq üçün əlverişli imkandır”

“Qarşıda Konfrans Liqasının oyunları gəlir və hazırlıq prosesində baş məşqçinin olmaması istər-istəməz çətinlik yaradacaq”.

Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Hüseyn Məhəmmədov deyib.

“Neftçi”nin sabiq qapıçısı baş məşqçisi Laurentsiu Regekampfla vidalaşdıqdan sonra yeni çalışdırıcı axtaran paytaxt təmsilçisinin avrokuboklara hazırlığı barədə fikirlərini bildirib: “Oyunun vaxtına qədər baş məşqçi təyin olunması mümkündür. Bu təyinat gerçəkləşsə, yeni baş məşqçi uyğun komandasını uyğun şəkildə hazırlamalıdır. O, heyəti özünün fəlsəfəsinə, taktikasına uyğun hazırlayacaq. Potensial rəqiblər də bəllidir. Əgər təyinat gec olsa, baş məşqçinin yoxluğu oyunlara təsir edəcək. Tez bir zamanda baş məşqçi məsələsini həll edilməlidir. . Avrokuboklarda yaxşı nəticə etmək istəyirlərsə, tez qərar verməlidirlər”.

Məhəmmədov bu posta namizəd olmuş türkiyəli mütəxəssislər barədə də danışıb: “Sərgən Yalnıç və Hikmət Karaman tanıdığımız məşqçilərdir, yad biriləri deyil. Onlar Türkiyə Super Liqasında çalışıblar. Fikrimcə, tez bir zamanda komandaya qoşulsaydılar, məsələ həll olunsaydı, bu məşqçilər niyə də xeyir verməsinlər?  Xeyir də verə bilərdilər. Amma Azərbaycan çempionatı onlar üçün yaddır. O mənada ki, bizim liqada işləməyiblər. Hər halda, əvvəllər daha yüksək səviyyəli yerli və legionerləri olmuş komandalarda çalışıblar. “Neftçi” hazırda super legionerləri olmayan komandadır. Bəlkə, onlardan biri gəlsəydi, bu addımlar atılacaqdı”. 

Mütəxəssis Bakı klubu üçün ən yaxşı variantın yerli mütəxəssis olduğu qənaətindədir: “Ən yaxşısı qısa müddətdə daxili çempionatımızda tanıyan, bilən yerli məşqçinin təyin edilməsidir. Bu, daha çox xeyir verər. Zaman azdır. Yəqin ki, rəhbərlik fikirləşib qəti qərar verməlidir”.

Məhəmmədov “ağ-qaralar”ın mümkün rəqiblərinin keçiləsi komandalar olduğunu da bildirib: “Jelezniçar” və Minsk “Dinamo”su o dərəcədə güclü rəqiblər deyillər. Doğrudur, zəif gözlə də baxmaq olmaz, hər rəqibi dəyərləndirmək lazımdır. Sadəcə zaman azdır, futbolçuların tam yığılmaması, baş məşqçinin olmaması, komandanın komplektləşməməsi rəqiblərimiz üçün asanlıq yarada bilər. “Neftçi” üçün püşk uğurludur, rəqiblər top komandalar deyil. Asan da olmayacaq. Hər ikisini udmaq olar. Doğrudur, “Neftçi” tam komplektləşməyib. “Neftçi”nin baş məşqçisi olsaydı, rəqibi izləməsi, analiz etməsi üçün daha əlverişlidir. Çünki rəqiblər arasında matç Bakıdadır. Qısa zamanda bu məsələ həll olunsa, Bakıda rəqibləri izləyib, analiz edə bilərlər. Biri var oyunu videoda izləmək, biri də var canlı baxmaq. Mərhələ adlamaq üçün əlverişli imkandır. “Neftçi” üçün gözəl şansdır. Qarşıdakı günlərdə komandadakı durumun nə yerdə olduğunu da görəcəyik, biləcəyik”.

Qeyd edək ki, Konfrans Liqasına II təsnifat mərhələsindən başlayacaq “Neftçi” “Jelezniçar” - “Dinamo” (Minsk) cütünün qalibi ilə görüşəcək.

writer photo
Əlirza Əlirzalı
0