Hüseyn Məhəmmədov “Neftçi”də problemin səbəbkarını açıqladı - MÜSAHİBƏ
13.12.2022 - 17:06
Hüseyn Məhəmmədov “Neftçi”də problemin səbəbkarını açıqladı - MÜSAHİBƏ

Azərbaycan milli komandasının və “Neftçi”nin veteran qolkiperi Hüseyn Məhəmmədovun apasport.az saytına müsahibəsi 

- Uzun illər qapısını qoruduğunuz “Neftçi”nin son vaxtlardakı çıxışı ürəkaçan deyil. “Qarabağ”a 0:4, “Zirə”yə 0:1 hesabı ilə uduzdular. “Neftçi”nin hazırkı durumda olması nə ilə bağlı ola bilər?
- Bəli, iki oyundur ki, komanda uduzur. Buna səbəbkar da baş məşqçi və futbolçulardır. Onlar düşünməlidir, fikirləşməlidirlər. Klub rəhbərliyi lazım olan səviyyədə şərait yaradıb, əməkhaqqılarını alırlar. Maddi problem də yoxdur. Rəhbərlik həmişə komandaya diqqət və qayğı göstərir. İndi də belədir, şübhəm yoxdur. Baş məşqçi, futbolçular ciddi düşünməlidir. Anlamalıdırlar ki, bu, flaqmandır, komanda həmişə çempionluq uğrunda oynayıb və hazırkı durumu ürəkaçan deyil. Ciddi şəkildə bunun məsuliyyətini başa düşməlidirlər. Bundan çıxış yolunu futbolçular və məşqçilər özləri tapmalıdır. Onlar nəsə dəyişiklik etməlidir. İnanmıram ki, bugünkü durum maliyyə ilə bağlıdır. Ola da bilməz. Burada problem sırf məşqçilər korpusu və oyunçulara aid olan məsələlərdir. Onlar diqqətli olub, qarşılığını verməlidirlər.

- “Neftçi” bu həftə “Turan Tovuz”un qonağı olacaq. Hər iki komanda sizin üçün doğmadır. Bu görüşdə hansı komandaya azarkeşlik edəcəksiniz və matçla bağlı düşüncələriniz necədir? 
- Bəli, hər iki komanda mənim üçün doğmadır. Futbola “Turan Tovuz”da başlamışam. “Neftçi”də uğurlarım çox olub. Hər ikisi ilə çempionluq sevinci də yaşamışam və unudulmayacaq anlarım çoxdur. Bizim dönəmimizdə “Turan” və “Neftçi”nin qarşılaşmaları derbi sayılırdı. Hər iki komandaya uğurlar arzulayıram. Onları bir-birindən ayıra bilmirəm. Düzdür, tək bu iki komandada oynamamışam. Bir çox klubların qapısını qorumuşam. Hər bir komandaya da bugünkü gündə hörmətlə yanaşıram. Bu oyunun məsuliyyəti böyükdür. Hər iki komanda qalib gəlməyə çalışacaq. Xüsusilə də, “Neftçi” üçün Tovuzdakı görüş daha önəmlidir. İki oyundur uduzan komanda yəqin ki, bu matça daha istəkli və əzmkar çıxacaq. 

- “Neftçi”nin kubokda yarımfinala adlamaq şanslarını necə dəyərləndirirsiniz? “Zirə” ilə görüşdə geridönüş edə bilərlərmi?
- “Zirə”yə ilk oyunda məğlub olmuş “Neftçi” artıq bu mərhələnin məsuliyyətini başa düşməlidir. Futboldur, hər iki komanda növbəti mərhələyə adlaya bilər. Gərgin oyun olacaq. Çünki hər iki komanda sona qədər vuruşacaq. “Zirə”də əhval-ruhiyyə yaxşıdır, istəklidirlər. Fikrimcə, bu oyun “Neftçi” üçün çox çətin keçəcək. 

- “Neftçi”nin əsas qolkiperi İvan Brkiç haqda fikrin necədir? 
- Oyunlarını görmüşəm, baxıram. Komandanın nəticələri ürəkaçan olmadığına görə, desəm ki, Brkiç yaxşıdır, bir az düz olmaz. Yaxud o, komandanın 50 faizidir, yox, o qədər də deyil. Bunu göstərmədi, amma əlindən gələni edir.

- “Qarabağ”dan 12 xal geridə olan “Neftçi”nin çempionluq mübarizəsindən uzaq düşdüyünü deyə bilərik?
- Bu xal fərqini azaltmaq çox çətindir. İnamım qalmayıb. Çünki göstərdikləri futbol, oyunçuların performansı da onu göstərir. Dekabrın 25-dən sonra istirahətə gedəcəklər. Hər halda, məsuliyyəti anlayırlar. Klub rəhbərliyi də yəqin ki, bu barədə öz fikirləri deyəcək. Mübarizə aparmaq üçün nəsə dəyişiklik edəcəklər, ya yox, onu deyə bilmərəm. İlk pillədəki komandadan 12 xal geridə qalırsansa, yenidən çempionluq əldə etmək üçün çox çalışmalı, çox istəkli olmaq lazımdır. “Neftçi”nin çempionluq şansı 40-50 faizdir. 

- Ümumiyyətlə, Azərbaycanda qapıçılarla bağlı hansı problemi deyə bilərsiz? 
- Əvvəlki illərlə müqayisədə, indi qapıçılarla bağlı tamam başqa yanaşma var. 4-5 il əvvəl bu mövqedə çətinliyimiz var idi. Amma indi klubların çoxunda yerlilər dayanır. Davamı da gəlir. Görürəm və buna sevinirəm. Yavaş-yavaş rəqabət olduqca, qapıçılar artdıqca, çətinliklər aradan qalxacaq. Yeni nəsil də gəlir. Yaxşı gənc qapıçılar yetişir. Millidə də rəqabət yaxşı olacaq. 

- Sizcə, bu il Azərbaycanda ən güclü qapıçısı kimdir?
- Ən yaxşısı hələ ki, Şahruddin Məhəmmədəliyevdir. “Qarabağ”lı millidə və klubda daha inamlı təsir bağışlayır. Gələcəkdə rəqabət çox olacaqsa, daha çox qapıçı görəcəyik. Yəni, bir yox, bir neçə Şahruddinimiz olacaq. Mənə görə də bu ilin ən yaxşısı odur və komandasına köməyi dəyir.
 

writer photo
Əlirza Əlirzalı
0