Avropa Liqasının “Olimpiakos”la oyunu Bədavi Hüseynov üçün əlamətdar ola bilər.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi meydana çıxsa, avrokuboklarda 75-ci matçını keçirəcək.
Yalnız Ağdam təmsilçisinin heyətində qitə miqyaslı klub turnirlərində oynamış Hüseynov indiyədək 74 qarşılaşmada şans qazanıb. O, hələ qol hesabını açmayıb.
71 dəfə start heyətdə yer alan müdafiəçi 3 dəfə sonradan meydana daxil olub. 6 sarı vərəqə ilə cəzalanan futbolçu 70 matçı əvəzolunmadan keçirib.
O, Çempionlar Liqasında 35, Avropa Liqasında 39 dəfə iştirak edib. “Olimpiakos”la bugünkü sınaq ümumilikdə 75-ci, Avropa Liqasında 40-cı olacaq.
Qeyd edək ki, Bədavinin avrokubok debütü 2013-cü il iyulun 25-də “Pyast”la Polşadakı Avropa Liqasının qarşılaşmasına (2:2) təsadüf edib.