Azərbaycan çempionatının I və II Liqasının əsasnamələrində dəyişikliklər olub.
Apasport.az xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası verib. Bunu qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abasov açıqlayıb. Aşağı liqaların püşkatmasında çıxış edən liqa rəsmisi hər iki dəstədə dəyişikliklər edildiyini bildirib.
Mövsümün yekununda sonuncu yeri tutacaq komanda istənilən halda liqanı tərk edəcək. Hər hansı klubun yarışdan çıxması və ya çıxarılması sonuncu yerin sahibinin taleyinə təsir etməyəcək. I və II Liqalarda oynamaq üçün təşkil olunan pley-off mərhələsi neytral meydanda keçiriləcək bir matçdan ibarət olacaq. Ötən mövsüm bu raundda iki görüş təşkil edilib.
II Liqada futbolçu sayı da azaldılıb. Hər komanda ötən mövsümdəki kimi 40 deyil, 35 oyunçu sifariş edə biləcək. Bu dəstənin klublarının məşqçilər korpusundakı bütün çalışdırıcıların lisenziyası olması şərt kimi qoyulub. Yeni mövsüm I Liqada sentyabrın 11-də, II Liqada isə ayın 1-də başlayacaq.