İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə
05.03.2024 - 20:03
İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə

Ötən həftə Azərbaycanın U-17 yığması Belarusda inkişaf turnirində iştirak etdi. Yığma komandamız Rusiya, Belarus, Özbəkistan və Tacikistan millilərinə qarşı matçalarda məğlub olub. Milli komandamızın baş məşqçisi İlham Yadullayev apasport.az saytına müsahibəsində futbolçuların durumunu, yığmanın Minskdəki uğursuz nəticəsi barədə danışıb.

- Yığma Minskdəki turnirdə çıxış etdi və sonuncu oldu. Bu turnirə hansı hədəflərlə yollanmışdınız? 
- Turnirə getməmişdən qabaq Bakıda seleksiya oyunları keçirdik, 56 uşaq çağırmışdıq. Onlar arasında seçimlər etdik ki, heyəti yığıb Belarusa yollanaq. “Dalğa Arena”da toplaşmışdıq, 3 gün vaxtımız var idi, hazırlaşdıq və səfərə yollandıq. Qarşımıza hansısa hədəf qoyulmamışdı. Amma sırf özümüz yaxşı çıxış etməyə köklənmişdik. Yeni komanda yaradırıq və yeni uşaqlar var idi. Futbolçuları bu cür turnirlərdə baxmaq, yoxlamaq bizim üçün çox maraqlı oldu.

- Milli bütün matçlarda məğlub oldu. Səncə, niyə heç olmasa bir görüşdə qalib gələ bilmədik? Bunu nə ilə əlaqələndirirsən? 
- Bəli, üzücü hal odur ki, bütün oyunları uduzduq. Amma Belarusa qarşı oyunu çıxmaq şərtilə, digər 3 oyunda məğlubiyyətə layiq deyildik. Uşaqlar birinci oyundan sonra özlərini toparladılar, istədiklərimizi yerinə yetirirdilər. Düzdü, Belarusla matçda da belə idi. Sadəcə nəzərə almaq lazımdır ki, ev sahibi ilə oynayırdıq və ilk matçımız idi, uşaqlarda həyəcan hiss edilirdi. Birinci dəfə idi ki, belə beynəlxalq turnirdə iştirak edirdilər. Rusiyaya 0:1 uduzduq, hətta sonlarda qol vura bilərdik, top dirəyə tuş gəldi. İki fərqli hissə idi, ilk yarıda zəif oynadıq, ikinci yarıda üstünlük bizdəydi. Özbəkistanla oyunda da belə idi. İlk yarıda çox yaxşı oynadıq, imkanlarımız yaranmışdı. Bu, üçüncü oyunumuz olduğu üçün ikinci yarıda fiziki cəhətdən gücü çatmadı. Ən məyusedici nəticə Tacikistanla görüşdə oldu. Udmağı çox istəyirdik. İlk yarıda qapımıza penalti verildi. Buna baxmayaraq, hesabı bərabərləşdirdik. İkinci hissə başlayan kimi səhvdən sonra qol buraxdıq, atıldıq qabağa. Əks-hücumda qol buraxdıq. Uşaqlar əzmkar futbol oynadılar, udmaq üçün istəkli idilər.

- Tacikiatan yığmasına 1:3 uduzdunuz. Taciklər də bizdən güclüdür demək olar? 
- Uduzanda hamı deyir ki, özümüzdən zəiflərə uduzmuşuq. Amma oyunumuza görə, belə nəticə olmamalıydı. Uduzmuşuq, məyusuq, günah da uşaqlarda deyil. Onlar 8 gün ərzində 4 oyun oynadılar. Çalışdıq taktiki gedişlər də edək. Ola bilsin ki, bir az səbrli olsaydıq, heç-heçə edərdik. Amma hücuma atıldıq, qol vurmaq istədik. Əsk-hücumda qol buraxdıq. Deməzdim ki, Tacikistan bizdən güclüdür. Sadəcə uşaqların təcrübəsizliyi, fiziki cəhətdən güclərinin çatmaması özünü göstərdi.

- Yığmaya xaricdə oynayan futbolçular da dəvət edilmişdi. Onlar Azərbaycandakı futbolçulardan çox fərqlənirdi? 
- Bəli, iki nəfər Rusiyadan, iki nəfər Almaniyadan, bir nəfəri İsveçdən çağırmışdıq. Mən gözlədiyimdən zəif çıxış etdilər. Gözləyirdim ki, bizim uşaqlardan üstün, güclü olacaqlar. Oyunlarının videolarına baxmışdım. Yaxşı təsir bağışlayırdılar. Onları milliyə dəvət edib, canlı görmək istədik. Məncə, özlərini yaxşı tərəfdən göstərə bilmədilər. Ola bilsin ki, yeni idilər, komandaya ilk dəfə gəlmişdilər. Bu yaşda uşaqlarda adaptasiya gec gedir. Amma biz xaricdəki uşaqlara dəvət göndərcəyiksə, ən azı bizim uşaqlardan üstün olmalıdırlar.

- Ümumiyyətlə, turnir yoldaşlıq görüşləri kimi sayılsa da, bu zəif nəticəyə görə AFFA rəhbərliyindən hansısa narazılıq oldu? 
- Bu, inkişaf turniri kimi idi. Bu turnirə də getməmişdən qabaq rəhbərliklə söhbətimiz olmuşdu ki, turnirə gedirik, komandanı yeni yaradırıq. Qarşımıza nəticə qazanmaq vəzifəsi qoyulmasa da, biz milli komandayıq, hər oyuna qələbə əzmi ilə çıxmalıyıq. Çünki Azərbaycanı təmsil edirik. Çox istəyirik ki, futbolçulara da bunu aşılayaq ki, onların beynində qələbə fikri olsun. Mental cəhətdən çox böyük iş tələb olunur. Uşaqlarla daim danışırıq ki, ancaq qələbə haqda düşünsünlər. Təəssüf ki, belə oldu.

- Azərbaycan yığmasının üzvləri Rusiya, Belarus, Öbəzkistan və Tacikistan yığmasının üzvlərindən nədə geri qalırdılar? Futbolçularımızın inkişafına mane olan nədir? 
- Rusiya, Belarus və Özbəkistan millilərini götürsək, fiziki cəhətdən bizdən çox üstündürlər. Fizioloji olaraq da, bizim uşaqlardan üstündürlər. Amma bizdə əzmkarlıq, istək var. Düzgün oyunu, taktika hesabına nəsə etmək olar. Belə turnirlərə çox getmək lazımdır. Tək bizim yaş qruplarını demirəm, tək milli səviyyəsində də deyil, klublar səviyyəsində də olmalıdır. Klublar da uşaqları belə turnirlərə göndərməlidir ki, futbolçular bilməlidir kimlərə qarşı oynayırlar. Yəni, rəqib fiziolji üstün olsa da, özlərinə inam olmalıdır.

- Yığma komandanı qarşıda seçmə mərhələ matçları gözləyir. Bu nəticələrdən sonra millimizdən uğurlu nəticə gözləməyə dəyər, yoxsa necə? Sizcə, yığma seçmə mərhələ matçlarında uğurlu nəticə verə biləcəkmi? 
- Püşkatma martın 8-də olacaq. Biz ən sonuncu torbadayıq. Təbii ki, 3 rəqibimiz bizdən güclüdür. Yuxarı səbətdən gələcəklər. Buna baxmayaraq, ən vacib olan mental cəhətdən uşaqlar özlərinə inanmalıdır. Belə turnirlərdə çox iştirak etmək lazımdır ki, seçmə oyunlarına gedəndə hazır olaq. Bu il də deyəsən, UEFA təqvimdə dəyişikliklər edəcək. Martın 8-də dəyişikliklərin nəticəsi bilinəcək. Ancaq uduzmağa da getməyəcəyik, qrupdan çıxmağa çalışacağıq.

- Yığmadakı taleyiniz bəllidir? Marta qədər yığmadasız, yoxsa hələ dəqiq bilinmir?
- Biz öz işimizi görürük, daim Azərbaycan çempionatının oyunlarına gedirik, uşaqlara baxırıq, izləyirik. Davam etmək istələr, davam edəcəyik. Məşqçi işi elədir ki, müqavilə ilə işləyirik. Davam etmək istələr, işlərimiz çoxdur. Məşqçi kimi bu turnirdə də çox təcrübə qazandıq, uşaqlarla çox işləmək lazımdır. Əsasən də, klublarda işlər yaxşı getsə, milliyə uşaq çağıranda işimiz asanlaşar.

writer photo
Əlirza Əlirzalı
0