İlham Yadullayev: "Sumqayıt" Samir Abasovun sayəsində yüksəliş dövrünü yaşayır" - MÜSAHİBƏ
06.11.2023 - 16:41
İlham Yadullayev: "Sumqayıt" Samir Abasovun sayəsində yüksəliş dövrünü yaşayır" - MÜSAHİBƏ

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayevin apasport.az saytına müsahibəsi

- Misli Premyer Liqasının XII turunda  “Araz-Naxçıvan” “Sumqayıt”a 0:2 hesabı ilə məğlub oldu. Sizcə, “Qarabağ”ı məğlub edən Naxçıvan komandasının xal ala bilməməsinin səbəbi nədir?
- Nəticə qazana bilməsə də, Naxçıvan komandası meydanda yaxşı mübarizə apardı. "Sumqayıt"ın son oyunlarda yaxşı performans göstərməsi qonaqların xal almasına əngəl oldu. Fikrimcə, Naxçıvan komandasında arxayınlıq yox idi. "Sumqayıt"ın yaxşı oyunu "Araz-Naxçıvan"ın uduzmasına əsas səbəb oldu. 
 
- “Sumqayıt” 10 gün ərzində keçirilən 3 oyunda 7 xal toplayıb. Bu uğurlu seriyanın sirri nədədir?
- "Sumqayıt" bu gün Samir Abbasovun sayəsində yüksəliş dövrünü yaşayır. Oyundan-oyuna yaxşı dönüş hiss olunur. Nəticə də göz qabağındadır. Komanda 3 xalı həqiqətən də haqq etdi. Biz hər oyunda qarşımızda başqa "Sumqayıt" görürük.

- Azər Bağırovun yetirmələrinin “Qarabağ” kimi rəqib üzərində qələbədən sonra Sumqayıtda uduzmasına səbəb arxayınlıqdır? 
- Azər Bağırov yaxşı bir komanda yaradıb. Çempionata pis başlasa da, sonrakı turlarda yaxşı oyun nümayiş etdirərək, qələbə qazanırlar. "Araz-Naxçıvan" çox əzmkar komandadır. Əlbəttə, hər bir komandada eniş olur. Bu məğlubiyyətin arxayınlıq və ya zəif oyunla bağlı olduğunu düşünmürəm. Qarşıdakı turlarda "Araz-Naxçıvan" nəticə qazanacaq.

- “Sumqayıt”ın dörd əsas heyət oyunçusunun olmadığı halda “Araz-Naxçıvan”a qalib gəlməsi bəzilərinə gözlənilməz oldu. Bu mövsüm “Sumqayıt”ın turnir cədvəlində “Araz-Naxçıvan”dan geri qalmasına səbəb nədir?
- Əsas futbolçulardan bir neçəsi olmasa da, komanda çox peşəkar oynayır. Fərq etməz, əsas və ya ehtiyat oyunçuların hamısı matçlara eyni yanaşır. Görünən odur ki, son oyunlarda yaxşı nəticə qazanılır. Bunun ardı gələcək. "Sumqayıt" bu gedişlə öz xallarını yığacaqlar.

- Turnir cədvəlində 18 xalla 6-cı yerdə  olan “Sumqayıt” üçün bu matçı ll dövrənin ən yaxşı oyunu hesab etmək olar? Ümumiyyətlə, komandanı bu mövsüm hansı pillədə görürsünüz?
- Çempionat o qədər maraqlı gedir ki, indidən dəqiq nə isə deyə bilmirəm. Hansısa komandanın tutacağı yeri indidən demək hələ tezdir. Son tura qədər belə bir mübarizə getməsini istəyirəm. Əminəm ki, yaxşı mübarizəyə şahid olacağıq. Bundan da maraqlı oyunlar izləyəcəyik.

- Ola bilər ki, “Araz-Naxçıvan” “Qarabağ”la oyunda itirdiyi gücü bərpa edə bilməyib?
- İnanmıram ki, ötən tur çox güc sərf etməsi nəticəyə təsir etdi. Çünki, həftədə bir matç keçirəndə bərpa üçün vaxt olur. Naxçıvanlıların xal itkisinin əsas səbəbi "Sumqayıt" kimi bir rəqiblə qarşılaşması idi. Hər iki komanda yaxşı mübarizə apardı. Amma "Araz-Naxçıvan" əlinə düşən imkanlardan istifadə edə bilmədi. Bu üzdən də görüşdə "Sumqayıt" qələbə qazandı.

writer photo
Əlirza Əlirzalı
0