Bölgə klubunda xoşagəlməz hadisə baş verib.
Apasport.az xəbər verir ki, 1-ci liqada mübarizə aparan "İmişli"də oğurluq halı aşkarlanıb. Belə ki, klubun stadionundan işıq sistemləri oğurlanıb.
Bu hadisəylə bağlı "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlovdan açıqlama aldıq:
"Bildiyiniz kimi stadionumuzu premyer-liqa səviyyəsinə gətirmək üçün çalışırıq. Təbii ki, bu işdə bəzi catışmazlığımız, nöqsanlarımız da var. PFL rəhbərliyi futbol məkanımızla bağlı bəzi məsələləri həll etmək üçün göstəriş vermişdi. Odur ki, stadionumuzdakı nöqsanları aradan qaldırmaq üçün var gücümüzlə işləməyə başladıq. Bunun üçün yetəri qədər işçi qüvvə də ayırmışıq. Əksər nöqsanlarımız da aradan qaldırılıb. Amma fevralın 2-də səhər tezdən gözlənilməz "sürpriz"lə qarşılaşdıq. Belə ki, bazamızın paltardəyişmə və digər otaqlarında işıq sistemlərinin tamamilə kəsilərək oğurlandığını aşkarladıq. Baş vermiş xoşagəlməz hadisəylə bağlı dərhal rayonumuzun hüquq-mühafizə orqanlarına müraciət etdik. Ümid edirik ki, Daxili İşlər Nazirliyinin əməkdaşları şikayətimizi təmin edəcək və bu məsələyə ciddi yanaşaraq cinayətkarları tapıb, bizə dəymiş xeyli miqdardakı ziyanı ödətdirəcəklər. Onu da xüsusi vurğulayım ki, işıq sistemlərimizin yenilənməsi və yenidənqurulması üçün 6 min manatdan çox büdcə ayırmışdıq. Bu cür hərəkəti edən şəxslər İmişli futboluna xəyanət edən adamlardır və bu bütün çətinliklərə baxmayaraq güc-bəla ilə ərsəyə gətirdiyimiz klubumuza qarşı dağıdıcılıqdır. Heç bir cinayət cəzasız qalmamalı, belə hərəkət edənlər də layiqli cəzalarını almalıdır. Biz hər zaman dövlətimizin daha da güclənməsinin, ölkə başçısının özünü doğruldan siyasətinin ardıcıllarıyıq. Məhz prezidentimiz cənab İlham Əliyevin idmana, o cümlədən də ölkə futboluna göstərdiyi qayğıya, inkişafyönümlü siyasətinə uyğun olaraq, biz də doğma yurdumuzda futbolu inkişaf etdirənlər və Azərbaycan futboluna təkan vermək arzusunda olanlardanıq. Odur ki, nə özümüzün, nə də digər klubun başına belə hadisələrin gəlməsini istəmərik. DİN-in əməkdaşlarının şikayətimizi peşakarcasına qısa zamanda həll edəcəklərinə inanır və gözləyirik".
Abdulla İsmayıloğlu