İqor Ponomaryov: “Hər şey "Qarabağ" üçün çox yaxşı alınacaq”
16.02.2023 - 11:35
İqor Ponomaryov: “Hər şey "Qarabağ" üçün çox yaxşı alınacaq”

"Məncə, "Qarabağ"ın yaxşı şansı var”.

Bunu apasport.az saytına tanınmış futbol veteranı İqor Ponomaryov deyib.

Hazırda “Sabah”ın Müşahidə Şurasının üzvü olan 63 yaşlı mütəxəssis vaxtilə baş məşqçisi olduğu "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Gent"ə qarşı bu gün keçirəcəyi ilk görüş barədə fikirlərini bildirib: “Üstəlik, onlar öz meydanında oynayacaqlar. Əminəm ki, "Qarabağ"ın evdə çox yaxşı azarkeş dəstəyi olacaq. Stadionun tam dolacağı, yaxşı dəstək olacağını düşünürəm". 

Uzun illər “Neftçi”nin “9 nömrə”si olmuş, bir vaxtlar Azərbaycan millisini çalışdırmış təcrübəli mütəxəssis komandadan gedənlərin "Qarabağ"a təsir etməyəcəyinə inanır: "Ümidvaram ki, Kadi Borges itkisi nəticəyə təsirini göstərməyəcək. "Qarabağ"ın çoxlu sayda keyfiyyətli oyunçuları var. İstənilən halda, Qurban Qurbanovun komandasının gücü var və mən bu gün onlara azarkeşlik edəcəm. Onlara uğurlar arzulayıram və ümidvaram ki, hər şey "Qarabağ" üçün çox yaxşı alınacaq".

Qeyd edək ki, Ponomaryov 2004/05 mövsümündə “Qarabağ”ın baş məşqçisi olub.
 

writer photo
Əlirza Əlirzalı
0