“Kəpəz”in portuqaliyalı qolkiperi İqor Rodriqes apasport.az saytına müsahibə verib.
- “Kəpəz” “Sabah”la görüşdən məğlub ayrıldı. Səncə, bu matçda komandanın məğlubiyyətinə əsas səbəb nə idi?
- Biz oyuna çox yaxşı başlamışdıq. Meydana da qələbə üçün çıxmışdıq. Qələbəyə də hardasa yaxın idik. Bunu edə bilərdik. Sadəcə hansısa anlarda oyunun nəzarətini əldən verdik. Sonda da uduzduq. Halbuki, belə olmasını istəmirdik.
- "Sabah”ın vurduğu, daha dəqiq, buraxdığın qollar barədə nə düşünürsən? Baxımlı qollar alındı...
- Dediyim kimi, bəzi anlarda kontrolu itirmişdik. Sonradan da özümüzə gəlmədik. Amma oyuna yaxşı başlamışdıq.
- “Kəpəz”in qeyri-stabil çıxışının səbəbini nədə görürsən? Bir oyun qalib gəlirsiz, digərində uduzursunuz. Stabilliyiniz üçün nə çatışmır?
- Hamı komandanın bu ilki məqsədini yaxşı bilir. Premyer Liqadakı yerimizi qorumaq istəyirik. Yüksək liqada qalmaq uğrunda yarışan komanda bir oyunu udub, digər oyunda da uduza bilər. İstənilən halda, biz bütün qüvvəmizlə, həvəslə yolumuza davam edirik. Çalışırıq ki, qarşımıza qoyulan məqsədə erkən çataq. İnamım böyükdür.
-“Kəpəz” hazırda son pillədə qərarlaşan “Qəbələ”ni 5 xal qabaqlayır. Premyer Liqadakı yerinizi qoruyub-saxlamaq şansınız daha çoxdur?
- Qarşıda hələ çox oyun var. Çünki mövsümün ikinci yarısı hələ yeni başlayıb. Cəmi bir neçə tur geridə qalıb. İstənilən halda, mən uğurlu nəticələrimizə inanıram. Məqsədimiz liqada qalmaqdır və biz bunu reallaşdıra bilərik.
-Növbəti turdakı rəqibiniz “Qəbələ” olacaq. Onlara qarşı oyunun final ab-havasında keçəcəyini düşünmək olar?
- Məqsədimiz liqada qalmaqdırsa, bizim üçün bütün oyunlar vacibdir. Düzü, rəqib və oyunun fərqi yoxdur, əsas məsələ odur ki, qalib gəlik. “Qəbələ” ilə matçda da qalibiyyət üçün meydana çıxacağıq. Allah qoysa, istədiyimiz nəticəyə çatarıq.
-Yeri gəlmişkən, “Qarabağ” – “Braqa” görüşü haqda fikrin necədir? “Qarabağ”ın Portuqaliyadakı qələbəsini necə qiymətləndirirsən?
- Bəli, ilk görüşü də izlədim. “Qarabağ” çox yaxşı futbol nümayiş etdirdi. Layiqli qələbə qazandı. Düzü, “Qarabağ”ın Braqadakı nəticəsi mənim üçün təəccüblü olmadı. Çünki mən “Qarabağ”ın necə dəyərli olduğunu və gücünü bilirəm. Ona görə də, bu nəticə sürpriz deyildi. İkinci görüşün də maraqlı və gərgin keçəcəyini düşünürəm.