İsnik Alimi: “Kubokun favoriti deyilik və olmaq da istəmirik” - MÜSAHİBƏ
20.12.2022 - 16:46
İsnik Alimi: “Kubokun favoriti deyilik və olmaq da istəmirik” - MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi İsnik Aliminin apasport.az saytına müsahibəsi

- “Qəbələ” “Qarabağ”ı məğlub edərək, yarımfinala yüksəlməyi bacardı. Belə nəticə gözləyirdiniz, yoxsa ən yaxşı halda penaltilərlə mərhələ adlaya biləcəyinizi düşünürdünüz?
- Komandada hər kəs qalib gələcəyimizə inanırdı. Ümumiyyətlə, rəqibin kim olursa-olsun, biz qələbə üçün oynayırıq. İdeyamız budur. Meydana heç-heçə etmək üçün çıxmamışdıq. Hücumda oynadıq və çox qol imkan yarada bildik. “Qarabağ”a qarşı 3 oyun keçirdik və hər birində də yaxşı futbol nümayiş etdirmişik. Bu qələbə təsadüf və bəxt sayəsində olmadı, buna layiq idik. 

- Həm Bakıda, həm də Qəbələdə rəqibinizə uduzmadınız. Səncə, rəqibiniz yorğun idi, yoxsa “Qarabağ”ı yaxşı analiz etmişdiz?
- “Qarabağ”ı məğlubiyyətə uğratmaq üçün oyunun hər anında böyük enerji sərf etmək lazımdır. Bununla yanaşı, 100 dəqiqə konsentrasiya olmaq lazımdır. Biz oyunu təhlil edirdik. Üç oyunda bəzi risklərə getdik. Əgər siz “Qarabağ”a qarşı şanslı olmaq, ultra pressinq etmək istəyirsinizsə, bir az risk etməli olacaqsınız. Topa sahib olduğunuz zamanlarda onu qorumaq, ora-bura atmamaq üçün oynamağa çalışmaq lazımdır. Üç oyunda bunu göstərdik və komanda adına çox xoşbəxtəm. Rəqibimizin yorulduğunu düşünmürəm. Biz yorulduq, amma “Qarabağ”ın çox oyunçusu var, heyəti genişdir, hər oyunda çox dəyişiklik edə bilirlər, “Qəbələ”də isə belə deyil. 

-  Azərbaycan kubokunun son qalibi “Qarabağ”ı məğlub edən “Qəbələ”ni yarışın favoriti saymaq olar? 
- Xeyr. Məncə, biz kubokun favoriti deyilik və olmaq da istəmirik. Rəqibləri qiymətləndirməmək olmaz. Hər bir rəqibə hörmətlə yanaşırıq və qarşıda bizi gözləyən uzun yol var. Çalışacağıq ki, yavaş-yavaş o yolda irəliləyək. 

- “Qəbələ”nin yarımfinaldakı rəqibi “Səbail” olacaq. Bu komandanın turnirin iddialılarından olan “Sabah”ı keçməsi sizin üçün sürpriz alındı?
- Çox çətin oyun olacaq. “Səbail”in “Sabah”a qarşı keçirdiyi hər iki görüşü izlədim. “Səbail” çox yaxşı oynadı, çoxlu qol imkanlar yaratdı. Biz bilirik ki, “Sabah” güclü komandadır. Onlara qalib gəlmək üçün böyük iş görməlisən. “Səbail” bunu edə bildi. Ona görə də, yarımfinalda olmağa layiqdir. 

- “Qəbələ” finala vəsiqə qazana bilər? Yoxsa “Səbail”in sizə də problem yaradacağını düşünürsünüz?
- “Qəbələ” finala çıxmaq üçün nə lazımdırsa, hər şeyi edəcək. Ölkə kubokunu qazanmaq bu mövsümkü əsas hədəflərimizdən biridir. Ancaq bilirik ki, bu, çox-çox çətin olacaq. Əgər, biz finala çıxmaq istəyiriksə, “Səbail”ə qarşı hər iki matçı eyni ehtiras və eyni aqressiya ilə oynamalıyıq.
 

writer photo
Əlirza Əlirzalı
0