"Kəpəz"in aparıcı futbolçusu Junior Martins Apasport.az saytına müsahibə verib.
-"Kəpəz" "Qəbələ" ilə matçda qələbə qazanaraq Premyer Liqadakı yerini rəsmi olaraq qorumuş oldu. İşinizin öhdəsindən gəldiniz?
-Təbii ki, hamımız “Kəpəz”in Premyer Liqada qaldığını rəsmiləşdirməsinə çox sevinirik. Üstəlik, mövsümün əvvəlindən düşdüyümüz vəziyyəti nəzərə alsaq, məncə, biz hamımız bir olub, məqsədimizə çatdıq. Həqiqətən də, bunu reallaşdırmaq, istəyimizə çatmağımız çox xoşdur.
-"Qəbələ" artıq sonuncu olacağı rəsmiləşdi. Bu klubun çox yaxşı futbol infrastrukturu var. Onların birinci liqaya düşməsi Azərbaycan futbolu üçün mənfi haldır?
-“Qəbələ” əla komandadır. Onların çox yaxşı heyəti də var. Təbii ki, onların düşməsi neqativ bir şey olardı. Amma hər halda, liqaların da qanun-qaydası var. Təəssüflər olsun ki, bu komanda sonuncu pilləni tutdu. Premyer Liqada oynamaq istəyirlərsə, hər halda yenidən ora çıxmalıdırlar. Ümid edirəm ki, “Qəbələ” üçün ən yaxşısı olacaq. Çünki biz yaxşı komanda haqda danışırıq.
-"Kəpəz" mövsümü 8-ci pillədə başa vurmaq şansına da sahibdir. Sona dörd tur qalıb, səncə hansı nəticələri göstərə bilərsiz?
Biz Premyer Liqadakı yerimizi qoruduq. Buna baxmayaraq, arxayınlaşmırıq, rahatlaşmırıq. Sona dörd tur qalıbsa, bütün oyunlarda da uğurlu nəticə qazanmaq istəyəcəyik. Çox istəyərdim ki, mövsümü çətin durumlardan keçdikdən sonra gəlib elə 8-ci pillədə başa vuraq. Necə olacağını görəcəyik. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
-Necə düşünürsən, Adil Şükürov mövsümün əvvəlindən komandaya rəhbərlik etsəydi, indi daha fərqli, daha iddialı, avrokuboklar uğrunda mübarizə aparan "Kəpəz" görəcəkdik?
-Adil Şükürov çox yaxşı məşqçidir. Bəli, məncə, Şükürov mövsümün əvvəlindən komandada olsaydı, məncə, biz dördüncü pillə uğrunda mübarizə apara bilərdik. Bunu əminliklə deyirəm.
-Deyilənə görə, komandanız yeni mövsüm iddialı olacaq. Bu komandada qalmaq istəyin, arzun var? Özü də bir ara, adın "Beşiktaş"la hallanırdı...
-İnanıram ki, növbəti mövsüm “Kəpəz” turnir cədvəlinin yaxşı yerlərində olmaq üçün mübarizə aparacaq. Avrokuboklara vəsiqə uğrunda da mübarizə aparacağına inanıram. Mənimlə münasibətə gəldikdə, müqaviləm var və bütün diqqətimi bu 4 oyuna yönəltmişəm. Sezonu bitirək, daha sonra gözləyəcəm. Ailəmlə birlikdə, həm onlar, həm də mənim üçün ən uyğun qərarı qəbul edəcəm. "Beşiktaş" məsələsi haqda isə məlumatım yoxdur. Ona görə nəsə deyə bilmərəm.