"Neftçi" ilə görüşdə uduzmağımız bizim üçün ağır məğlubiyyət oldu. Oyundan sonra heç kəs danışmırdı”.
Bunu apasport.az saytına “Turan Tovuz”un kapitanı Kamal Bayramov deyib.
38 yaşlı qapıçı komandasının ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə cavab oyunundan (0:2) sonra “Zirə” ilə görüşdə qazanılan qələbəyə (3:1) şərh verib: “Hətta paltardəyişmə otağında da geyimini dəyişən yox idi. Baş məşqçimiz də sakit şəkildə bizi izləyirdi. 5-10 dəqiqə sonra bizə bir gün öncə dediyi sözləri xatırlatdı və evə gedib dincəlməyimizi istədi. Həmin ağır məğlubiyyətdən sonra baş məşqçi bizə necə inandığını və güvəndiyini hiss etdirdi. Sonradan isə klub rəhbərliyi bizə apardığımız mübarizəyə görə öz minnətdarlığını bildirdi. Dedi ki, canınız sağ olsun, bu gün bu da qismətimizdə məğlubiyyət var imiş. Hər nə olsa, yanımızda olduğunu bildirdi. Başda baş məşqçimiz olmaqla, bizə güvəndiyini söylədi. Həm klub rəhbərliyi, həm baş məşqçinin münasibəti bizləri ayıltdı. Bunun bəhrəsini də "Zirə" ilə matçda gördük. Həmin görüşdə qalib gəlməyi bacardıq".
Bayramov bildirib ki, “Turan Tovuz” Premyer Liqanın XXXIII turunda qarşılaşacaqları “Neftçi”dən ölkə kubokunun yarımfinalındakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq: "Oyuna normal qaydada hazırlaşırıq. Öz meydanımızda maksimum gücümüzü səfərbər edəcəyik. Azarkeşlərimizi sevindirmək istəyirik. Ancaq ağır oyun olacağı dəqiqdir. Revanş? Futbolda məğlubiyyətdən sonra yenidən komandaların görüşləri revanş adlandırılır. Amma biz "Neftçi"yə qarşı kubok matçını unutmuşuq. İndi fərqi yoxdur, qarşımızda "Neftçi"dir, ya başqası, bizə xallar lazımdır. Ona görə də sona qədər mübarizə aparacağıq".
"Turan Tovuz"un təcrübəli futbolçusu komandasının Premyer Liqada qalmaq şanslarına da toxunub: "Son oyunların hər biri bizim üçün finala bərabərdir. Premyer Liqada qalmağı təmin etsək belə, son görüşlər komandanın imici üçün önəmlidir. Hər futbolçu bunu dərk edir və bu da sevindirici haldır".
Qeyd edək ki, 32 turdan sonra eyni sayda xala malik “Turan Tovuz” 6-cı pillədə qərarlaşıb.