“Kəpəz”in kapitanı Yeqor Xvalkonun apasport.az saytına müsahibəsi
- Komanda sonuncu pillədə qərarlaşıb. Hazırda "Kəpəz"dəki vəziyyət, atmosfer necədir?
- Hazırkı mövqeyimiz heç kəsdə optimizm yaratmır. İşimiz doğrudan da çətindir. Son turdakı uğursuz oyundan sonra isə işimizin ikiqat ağır olduğunu düşünürəm. Amma işləyirik, növbəti matça hazırlaşırıq.
- Son turda qərb derbisində "Turan Tovuz"a 0:4 hesabı ilə uduzdunuz. Görüş sizin üçün niyə uğursuz alındı?
- Əslində, oyuna yaxşı başlamışdıq. İlk hissə də pis alınmadı. Ancaq sonlarda səhvə yol verdik və bu da təbii ki, ikinci hissəyə təsir etdi. Topun “Turan Tovuz”un futbolçusundan çıxmasına baxmayaraq, künc zərbəsi verdilər. Baş hakimin köməkçisi də belə olduğunu gördü, ancaq niyəsə künc zərbəsi verdi. Nəysə, hər şeyi onun vicdanına buraxıram. Həmin anda emosiyalara qapıldıq və həmin standart vəziyyətdən qol buraxdıq. Ondan sonra isə meydanda əməlli başlı anarxiya başladı. Nəticədə də uduzduq.
- Hazırkı vəziyyətdən necə çıxmağı planlaşdırırsız? Maliyyə probleminiz var?
- Çempionatın böyük pauzasına hələ 7 tur var. Yəqin ki, bu oyunlardan sonra danışmaq lazım gələcək. Şanslarımızın nə qədər olduğunu görəcəyik. Xeyr, maliyyə baxımından heç bir problemimiz yoxdur. Mən bu barədə artıq danışmışam. Hər kəs bura gələndə, hansı şərtlərlə razılaşdığını, nəyin olub, nəyin olmayacağını yaxşı bilirdi. Ona görə də, sırf bu məsələyə diqqət çəkməyə ehtiyac yoxdur.
- Çoxları "Kəpəz"ə birinci liqaya düşəcək əsas namizəd kimi baxır. Liqada qala biləcəksiz?
- Belə düşünmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Çünki biz sonuncu pillədəyik. Hamının yerinə cavab verə bilmərəm, amma biz son şansa qədər mübarizə aparacağıq. Yalnız biz özümüzə kömək edə bilərik. Daha çox işləməkdən başqa heç nə düşünə bilmərik.
- Növbəti oyunda "Qarabağ"la qarşılaşacaqsız. Bu oyun haqda fikrin necədir? Böyük hesablı məğlubiyyətdən qorxmursan?
- “Qarabağ” əla komandadır. Düşünürəm ki, matç hər şeyi göstərəcək. Biz futbol oynamağı bacarırıq. Bu matçda xal ala bilərik. Sadəcə ən yaxşı oyunumuzu göstərməliyik.
- "Qarabağ"ın son turda "Araz-Naxçıvan"a uduzması sənin üçün gözlənilməz oldu? Naxçıvan klubunun bu uğurlu nəticəsi sizə də motivasiya verir?
- Xeyr, heç bir gözlənilməzlik olmadı. “Araz-Naxçıvan”a yuxarıdan aşağı baxmağa ehtiyac yoxdur. Onların yaxşı futbolçuları var. Turnir cədvəlində də yaxşı yerdədirlər. Amma onların qalib gəlməsi bizə heç bir motivasiya vermir. Bizim motivasiyamız son görüşdəki uğursuzluğumuz və onu düzəltməyə çalışmamızla bağlı olmalıdır.
- Ev oyunlarınızı Tovuzda keçirməyiniz nəticələrinizə təsir edir?
- Mənim üçün harada oynamağımız problem deyil. Amma təbii ki, təbi örtüklü meydançada oynamaq daha yaxşı olardı. Bunu istənilən futbolçu deyər. Lakin şəraitimizi nəzərə alsaq, indi ən yaxşısı elə yaxın Tovuza getmək və ev oyunlarını orada oynamaqdır.
- Abdullahi Şuaybunun Hepatit B virusunun daşıyıcısı olduğu ortaya çıxıb və komandadan uzaqlaşdırılıb. Buna necə şərh verəcəksən?
- Bəli, müqaviləsinə xitam verilib. “Abu”nun adına üzülürəm. Çünki onunla dost münasibətim var. Ona uğurlar diləyirəm və möhkəm qalmasını arzulayıram. Allah qoysa, hər şey yaxşı olacaq. Bildiyimə görə, xarici vətəndaş bu cür xəstəliklə ölkəyə girə bilməz, o ki, qaldı işləsin. Şuaybunu komandadan uzaqlaşdırmaqdan başqa çarə yox idi. Mən bunu keçən həftə internetdə gördüm. Heç kim bu barədə danışmırdı.
-Səncə, bu sizin özünüz üçün də təhlükə deyil? Hər halda, sizinlə də təmasda olub...
-Legionerlər yaşayış icazəsi almamışdan əvvəl qan analizi verirlər. Bildiyimə görə hər şey yaxşı idi. Amma hər halda, bu ciddi virusdur.
-Yəqin ki, komandadan hər kəsi yenidən analizdən keçirəcəklər?
Düzünü desəm, bu haqda heç nə bilmirəm. Bu məsələlərlə həkim məşğul olacaq. “Abu”ya uğurlar arzulayıram. Ancaq düzü, onsuz bizə çətin olacaq.